Tibb Universitetində Bilik Günü qeyd olunub

  • By admin
  • 15 Sentyabr 2016 14:13

tib

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

Bu haqda Gununsesi.info-ya  ATU-dan məlumat verilib. Belə ki, Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək tələbələri yeni tədris ili münasibətilə təbrik etdi, onlara dərslərində uğurlar dilədi.

ATU rektoru tələbələrə universitetin tarixi, müasir inkişaf mərhələləri barədə danışdı. O xatırlatdı ki, ölkəmizdə Bilik gününün keçirilməsi ənənəsinin əsasını Azərbaycan respublikasının prezident İlham Əliyev qoyub: “Ölkəmizdə elmi biliklərin, təhsil sisteminin ardıcıl inkişafını prezidentin qlobal inkişafa doğru aparan uzaqgörən siyasətinin tərkib hissəsi təşkil edir. Artıq 15 ilə yaxındır ki, dövlət proqramı ilə hər il yüzlərlə Azərbaycan gəncləri istər bakalavr səviyyəsində, istərsə praktik bacarıqlar səviyyəsində dünyada tanınan təhsil ocaqlarına göndərilir. Ümummilli lider Heydər Əliyevin də təhsilimizə diqqət və qayğısı daim yüksək səviyyədə olub. Hələ sovet illərində Heydər Əliyev cənabları yüzlərlə Azərbaycan gəncini xarici ölkələrə, müasir və o vaxt üçün inkişaf etmiş təhsil müəssisələrinə göndərib. Həmin tələbələrin bir çoxu məzun olaraq Azərbaycana qayıdıb və uzun illərdir ki, ölkəmizdə çalışırlar”.

Rektor tələbələrə səslənərək, onlara bu uğurlarının davamlı olmasını diləyib: “Sizin üçün bu gündən həyatınızın tam yeni mərhələsi, tələbəlik illəri başlayır. Hər bir insanın həyatında tələbəlik illəri xüsusi əhəmiyyətə malikdir. Yaddaşda dərin iz qoyan illərdir. Sizin növbəti 6 iliniz Azərbaycan Tibb Universiteti ilə bağlı olacaq. Sizin hər birinizin üzərinə böyük məsuliyyət düşür. Tələbəlik illəri nə dərəcədə maraqlı, sevilən, emosional olsa da, bir o qədər məsuliyyətli, vacib illərdir”-, deyə o nitqində bildirib.

A.Gəraybəyli ATU-nun fəaliyyəti barədə də qonaqlara məlumat verdi. Onun sözlərinə görə, bu ali təhsil ocağı 1919–cu ildə Bakı Dövlət Universitetinin tərkibində fakültə kimi yaradılıb. 1930-cu ildən isə müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başlayıb: “ATU bu il müstəqil universitet kimi 86 yaşını, fakültə kimi isə 97 yaşını qeyd edəcək”.

Daha sonra ATU-nun İnsan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinskiçıxış edib: “Bu gün tək siz tələbələr üçün yox, biz müəllimlər üçün də sevincli bir gündür. Təhsilin irəliləməsi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə son 10 il ərzində respublikamızda 3000-dən yuxarı təhsil ocağı tikilib, təmir olunub. Azərbaycan Tibb Universiteti nəinki respublikada, ümumiyyətlə, regionda fəaliyyət göstərən universitetlər arasında seçilib”.

ATU-nunII Uşaq xəstəlikləri kafedrasının professoru Amaliya Əyyubova çıxış edərək tələbələrə həkimlik peşəsinin çətinlikləri barədə məlumat verdi: “Çox çətin peşədir. Siz tələbələr və biz müəllimlər çalışmalıyıq ki, bu ölkəyə yaxşı, savadlı həkimlər hazırlayaq. Bu, əsasən sizdən asılıdır. Biz müəllimlər isə sizə daim kömək edə bilərik, kitablar var, internet var, tədris binalarımızda çox yaxşı avadanlıqlar, yüksək şəraitli klinikalarımız var”.

Qeyd edək ki, 2016/2017-ci tədris ilində Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əmri ilə Azərbaycan Tibb Universitetinə 1002 nəfər tələbə qəbul olub, bunlardan –  954 həkim, hərbi həkim, 48 nəfər hərbi feldşerdir. 700 bal toplayaraq qəbul olan – 3 nəfər, 600-dən çox bal toplayanlar –416nəfər, 500-dən çox bal toplayanlar – 444 nəfərdir.

Universitetin professor-müəllim heyəti, tələbələr və valideynlərin iştirak etdiyi tədbirin sonunda 2016-cı ildə bu ali təhsil ocağına qəbul olunan və qəbul imtahanlarında 700 bal toplayan tələbələrə – Lətifov Ağalətif, İsmayılova Səbinə, Zülfüqarov Orxana rektor tərəfindən tələbə biletləri təqdim olunub. Müalicə-profilaktika fakültəsinə qəbul olunan tələbə Orxan Zülfüqarov müəllimlərinin etimadını doğruldacağını bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info