
Yolu keçmək istəyən piyada vuruldu
Gununsesi.info xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsi “Təzəkənd” küçəsində baş verib. Qəsəbə sakini 21 yaşlı Tahir Tacir oğlu Şükürov yolu keçmək istəyərkən “Tofaş” markalı avtomobil onu vurub. Piyadanı vuran “Tofaş” markalı avtomobil daha sonra yol kənarındakı hasara çırpılıb. Avtomobilin sürücüsü xəsarət almayıb. Yaralı piyada hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıb. Əməliyyat olunan yaralının vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirir. Hadisə barədə xəbər tutan Nərimanov polisi əraziyə gəlib. Sürücünün ifadəsi alınıb. Avtomobil cərimə meydançasına aparılıb.
Faktla əlaqədar araşdırmalara başlanılıb.
Gununsesi.info