Tovuzda qurbanlıq ətdən 12 nəfərin zəhərlənməsinin səbəbləri açıqlanıb

  • By admin
  • 02 Avqust 2016 17:24

zeher

 

Səhiyyə Nazirliyi Tovuzda qurbanlıq qoyun ətindən 12 nəfərin zəhərlənməsi ilə nəticələnən hadisənin səbəblərini araşdırıb.Nazirliyin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Gununsesi.info-ya deyib ki, rayonda bir ailə kəsiləndən sonra bir müddət  saxlanan qoyunun içalatından kabab bişirərək yeyib. Bir sutka sonra ailə üzvlərinin xəstəxanaya düşdüyünü deyən şöbə müdiri qeyd edib ki, ertəsi gün qurbanlıq ətdən qonşulara da pay verilib: “Həmin ətdən yeyən qonşular zəhərlənərək xəstəxanaya düşüb. Ümumilikdə, zəhərlənmə diaqnozu ilə 12 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 5-i bir ailənin üzvü, 7-si qonşudur”.

İ.Abdullayev qeyd edib ki, qalan ət baytarlıq laboratoriyasında yoxlanıb, çürüntü yaradan bakteriyalar aşkarlanıb, insanlarda qeydə alınan isə tipik zəhərlənmə əlamətidir. Onun sözlərinə görə, sakinlərin danışdıqları ilə araşdırmanın nəticələri üst-üstə düşmür. Heyvan xəstə olsa belə, insanlarda bu tezliklə zəhərlənmə yarada bilməz: “Heyvanda brusselyoz, dabaq xəstəliyi ola bilər, amma ət qaynadıldıqdan sonra insanlarda zəhərlənmənin olması mümkün deyil. Ətin bir hissəsi yoxlanmaq üçün Gigiyena və Epidemiologiya Mərkəzin gətirilib və ondan xoşagəlməz qoxu gəlirdi. Ola bilər ki, ət açıq yerdə isti mühitdə çox saxlanılıb və nəticədə yararsız hala düşüb. Təzə əti mütləq açıq havada qoymaq lazımdır. Amma əti bağlı mühitdə saxladıqda çox qısa zamanda iylənə, fəsadlara səbəb ola bilər. Ətdən kəskin iyin gəlməsi köhnə olmasından xəbər verir”.

 

Gununsesi.info