
Son bir neçə gün ərzində ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə ünvanladığı iki məktub və bu məktublarda iki ölkə arasında isti münasibətlərin qorunub saxlanmasında, eyni zamanda Vaşinqtonun Azərbaycanın ümummilli problemlərinin həllində yanında olması haqqında fikirlərin əksini tapması Bakı üçün ciddi mesajdır.
ABŞ prezidentinin 28 May – Respublika günü münasibəti ilə Azərbaycan prezidentinə ünvanladığı məktub digər ölkə başçılarının ünvanladığı məktubdan həm məzmun, həm mahiyyət baxımından ciddi şəkildə fərqlənir. Donald Trampın prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanın ABŞ-ın dəyərli tərəfdaşı olduğu, eyni zamanda terrorizmə qarşı birgə mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışması xüsusi yer alır. Məktubda: “Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik. Azərbaycan Avropa üçün yeni enerji mənbəyidir və biz bu sahədə uzun müddətli, uğurlu əməkdaşlığımıza görə Sizə minnətdarıq. Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik. Amerika Birləşmiş Ştatları eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir”, deyə qeyd olunub.
ABŞ prezidentinin sonda “Həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Azərbaycan prezidenti ilə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözləyirəm” fikri kimi isti mesajlar verməsi cox ciddi məqamlardan xəbər verir.
Bu məktubdan təqribən 3 gün sonra ABŞ prezidenti mayın 31-də Bakıda öz işinə başlayan 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinə ünvanladığı məktubda fikirlərini daha da inkişaf etdirərək bildirib ki, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasının tərəfdarıdır və Azərbaycanın qlobal təhlükəsizliyin dəstəklənməsində rolunu, iqtisadiyyatın diversifikasiyasına yönəlik səylərini yüksək qiymətləndirir. Bundan əlavə, Tramp məktubda qeyd edir ki, ABŞ Azərbaycanla demokratiyanın inkişafı, məhkəmə sisteminin islahatları kimi məsələlərdə əməkdaşlığa hazırdır. Həmçinin Vaşinqtonun Qarabağ konfliktinin regionda sabitliyə və inkişafa gətirəcək dinc yolla həllinin tərəfdarı olduğu bildirilir.
Beynəlxalq ekspertlər də bildirirlər ki, ABŞ prezidenti Donald Trampın bir həftə ərzində Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktublar Vaşinqtonun Bakı ilə çox ciddi münasibətlər qurmaq və bunu inkişaf etdirmək niyyətindən xəbər verir. Bu sıraya Azərbaycan prezidenti İlham Əliyevin mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirlən Ərəb-İslam-Amerika Sammitini qeyd etsək, o zaman demək olar ki, bütün bunlar ABŞ-Azərbaycan əlaqələrində yeni mərhələnin başlanğıcından xəbər verir.
ABŞ prezidentinin bu mesajlarını Azərbaycanın təkcə Xəzər hövzəsində deyil, eyni zamanda dünyanın həm enerji təhlükəsizliyində, həm də terrorizmə qarşı mübarizədə oynadığı aktiv rola verilən qiymət, həmçinin bu rolun bundan sonra davam etdirilməsində maraqlı olduğunun göstəricisi kimi dəyərləndirilməlidir. Çünki ortaq enerji layihələri, ortaq iqtisadi maraqlar istər-istəməz ölkələri yaxınlaşdırır, ortaq siyasi maraqların və hədəflərin formalaşmasını zəruri edir. Bununla yanaşı, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ kimi münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrdən biridir. ABŞ Rusiyadan sonra bu məsələdə mühüm rola malik ikinci dövlətdir. Bütün bu və digər amillər, o cümlədən regionda yaranmış geosiyasi, geoiqtisadi vəziyyət iki ölkə arasında münasibətlərin yeni mərhələdə davam etdirilməsini zəruri edən məsələlərdəndir.
ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi nələr vəd edir?
İlk olaraq onu qeyd etmək lazımdır ki, son dövrlərdə Azərbaycana qarşı bəzi məkrli planların hazırlanıb həyata keçirilməsi istiqamətində təhdidlər mövcuddur. Bəzi xarici güclər ermənilər vasitəsi ilə cəbhə bölgəsində vəziyyəti gərginləşdirməklə Azərbaycanı təxribata cəlb etmək istəyir. Digər tərəfdən isə Azərbaycanın iqtisadi inkişafının qarşısını almaq, regionda həyata keçirdiyi enerji, iqtisadi, kommunikasiya layihələrini, həmçinin ölkə daxilindəki iqtisadi, siyasi islahatların aparılmasına hər vəchlə əngəllər yaradılır.
Bəzi xarici qüvvələrin Azərbaycana qarşı bu təhdidləri və həyata keçirdiyi layihələrlə bağlı elə ölkə başçısı İlham Əliyev də öz narahatçılığını dilə gətirib. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı 28 May Respublika günü ilə bağlı keçirilən toplantıda öz mesajını verdi. Ölkə başçısı xüsusən Azərbaycanın enerji layihələrindən biri olan TAP-a qarşı süni maneələrin yaradıldığını dilə gətirdi. Ölkə başçısı hətta onu da bildirdi ki, bunun üçün xarici güclər külli miqdarda vəsaitlər xərcləyir.
Dünyada gedən “qaz savaşı” uğrunda Rusiyanın rolunu azaltmaq məqsədi ilə enerji layihələrinin deversifikasiyasına önəm verən ABŞ bu gün Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında maraqlıdır. ABŞ-la müqayisədə Avropa ölkələri bu məsələdə bir az ehtiyatlı mövqe tutur və Cənub Qaz Dəhlizi, bunun davamı olan TAP kimi layihənin reallaşmasında ortaya çıxan maneələrin aradan qaldırılmasına elə də ciddi səy göstərmirlər. Süni maneələrin yaradılması təkcə Azərbaycana edilən təzyiq anlamına gəlməməlidir, əksinə bu hər kəsin uduzması deməkdir. Avropa ölkələri Cənub Qaz Dəhlizinin, TANAP və TAP-ın qısa zaman kəsiyində istifadə verilməsinə maliyyə dəstəyi göstərmədiyi kimi bu layihələrin tikintisinə yaradılan süni maneələrin də aradan qalxmasına elə ciddi dəstək vermirlər. Bu əngəllər imkan vermir ki, işləri sürətləndirmək mümkün olsun. Əksinə biz süni maneələrin yaradılmasında Qərb ölkələrində fəaliyyət göstərən bəzi siyasi dairələrin iştirakının şahidi oluruq. Hansı ki, bu layihələrin reallaşması Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Trampın məktubları isə bu baxımdan ciddi önəm daşıyır. Bu mesajlar təkcə Bakıya Kremlin təzyiqlərinə dirəniş göstərməsi ilə yanaşı, Avropanın diqqətini Azərbaycana yönəltmiş olacaq. Bir tərəfdən Ağ Ev bu mesajlarla Bakıya Kremlin təzyiqlərindən çəkinməməyə və ona lazımı dirəniş göstərməyə xidmət edir. Bununla Tramp administrasiyası demək istəyir ki, Vaşinqton Kremlin Azərbaycana təzyiqlərində Bakının yanındadır. Bu da indiki məqamda Bakı üçün çox böyük əhəmiyyət kəsb edir. Ancaq hesab edirəm ki, münasibətlərin yeni mərhələyə keçməsi üçün sözdən real işə keçmənin zamanıdır. ABŞ-la Azərbaycan arasında əlaqələrin yeni müstəvidə və keyfiyyətdə davam etdirilməsi üçün dialoq sürətləndirilməlidir. Burada zaman itkisinə yol vermək olmaz. ABŞ-la dialoqun sürətləndirilməsi, digər Avropa ölkələrinin də Azərbaycana olan diqqətini artıracaq və onlar da yaranmış durumda Azərbaycana tam da olmasa, müəyyən mənada dəstək verməli olacaq. Bu isə öz növbəsində, Azərbaycana edilən təzyiqlərin və gözləyən təhdidlərə qarşı dirənişin göstərilməsində mühüm rol oynayacaq. Qərbin Azərbaycana dəstəyi ölkəmizə olan təzyiq və təhdid dalğasının minimuma endirilməsində öz müsbət rolunu oynaya bilər.
Mürtəza Bünyadlı
Gununsesi.info










