
Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatıb.
2016-2017-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq məşğələyə cəlb olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq vərdişlər formalaşdırılmasıdır.
Məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrdan başlanır.
Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələlər tədris edilib. Gün ərzində 3 məşğələ tədris olunan qruplarda məşğələ müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 271 nömrəli və “” ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi “ndə dəyişikliklər edilməsi barədə” 272 nömrəli qərarlarına və həmin qərarların icrası barədə təhsil nazirinin 548 və 549 nömrəli əmrlərinə əsasən, 2016-2017-ci tədris ilində Bakının bir sıra məktəblərində ödənişsiz (dövlət büdcəsinin vəsaiti hesabına) məktəbəhazırlıq qrupları təşkil edilib.
Növbəti tədris ilində məktəbhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlı uşaqların 65 faizini təşkil edəcək.
Anar
Gununsesi.info












