Türkiyə müxalifəti yaxın tarixdən dərs çıxarmalı idi - GÜLTƏKİN HACIBƏYLİ QARDAŞ ÖLKƏDƏKİ SEÇKİNİ ŞƏRH EDİR

“Siyasət tarixinin ən önəmli dərslərindən birini aldıq. AKP öz iqtidarı boyu ən böyük uğursuzluğunu Kürd açılımına gedib, “Megri-megri” oxuduğu 2015-ci ilin iyun seçkisində yaşayıb. Kürdlər həmin seçkidə yenə də AKP-yə yox, kürd millətçi partiyasına səs verdi, ancaq AKP türk millətçilərinin səsini itirib (cəmi 40,6 faiz səs almışdı) təkbaşına hakimiyyət formalaşdıra bilmədi”. Bunu Türkiyədəki son seçkilərin nəticəsi ilə bağlı siyasi durumu şərh edən sabiq deputat Gültəkin Hacıbəyli Gununsesi.info-ya deyib:

Onun sözlərinə görə, təcrübəli siyasətçi olan Ərdoğan dərhal öz səhvindən dərs çıxardı, siyasi kursunu 180 dərəcə dəyişərək iyul ayında kürdlərlə anlaşmanı pozdu və MHP ilə ittifaq bağladı: “Nəticədə, cəmi altı ay ərzində Türkiyədə heç bir rəy sorğu şirkətinin təxmin edə bilməyəcəyi səviyyədə səs artıraraq noyabr seçkilərində 49,5 faiz seçici dəstəyi qazandı.

Amma nə yazıq ki, Meral Akşenerin bütün cəhdlərinə və israrlarına baxmayaraq Ərdoğandan fərqli olaraq müxalifət Türkiyə tarixinin bu gerçəyindən dərs almadı.

2015-ci ilin iyun və noyabr seçkilərinin sonuclarını heç kim, heç bir sorğu şirkəti düzgün proqnozlaşdıra bilməmişdi. Dünənki seçkilərin nəticələrini də KONDA, ORC, MAK, Metropol, Aksoy və s. daxil olmaqla onlarla nüfuzlu şirkətin heç biri (O cümlədən bəndəniz) düzgün ehtimal edə bilməmişdi.

Yalnız bir nəfər- SONAR şirkətinin rəhbəri Hakan Bayraqçı cümhurbaşqanı seçimlərinin nəticələrini düzgün ehtimal edərək ictimai fikrə qarşı gedirdi, amma o belə CHP və Millət ittifaqının daha yüksək səs alacağına əmin idi.

Hakan bəy dönə-dönə efirlərdə “HDP-nin dəstək verdiyi qüvvənin Türkiyədə iqtidar olmaq şansı yoxdur” deyirdi. Ərdoğan da bunu bildiyi üçün bütün təbliğatını “HDP”, “Kandil” üzərindən qurmuşdu.

Sonuclardan da göründüyü kimi, bu, türk insanı üçün aclıq və işsizlikdən daha önəmli qayğı imiş və bu taktika işlədi. 65 faiz xalq dəstəyinə sahib olan Mansur Yavaş Türkiyənin bir şansı idi, amma onu “Kürdlər istəmir” bəhanəsilə adaylığa yaxın buraxmadılar. Halbuki, rəy sorğularına görə kürdlərin 76 faizi ona səs verəcəkdi. Mansur bəyi yalnız PKK simpatizanları sevmir, Ankarada yaşayan kürdlər ona “abi” deyirlər”. “Kürdlər istəmədiyi üçün Mansur Yavaş aday ola bilməz”, “HDP açar partiyadır” ritorikasına gəlincə, sabiq deputat deyir ki, bu, heç bir təbliğat kampaniyası aparmayan MHP-in səslərini artırdı və seçkilərin taleyini Sinan Oğan, yəni, türk millətçilərinin səslərindən asılı etdi: “Olan isə Türkiyəyə oldu. 21 illik hakimiyyət davam edəcək, “Yenidən Rifah” parlamentdə beş, “Hüdapar” üç millət vəkili ilə təmsil olunacaq. Türkiyəni gözləyən iqtisadi perspektivlər haqqında isə düşünmək belə istəmirəm”.

 

Afət Abbasova

Gununsesi.info