Türkiyə terrorçuya görə 700 min dollar ödəməyə hazırdır

  • By admin
  • 23 Noyabr 2019 21:23

““FETO”ya dəstək verib, Camal Qaşıqçının ölümündə də əli var”

Gununsesi.org musavat.com-a istinadən xəbər verir ki, Türkiyə terrorçu hesab etdiyi Məhəmməd Dahlan üçün 700.000 dollar ödəməyə hazırdır. Adiçəkilən şəxs fələstinlidir, Fələstin Azadlıq Təşkilatının (FAT) üzvü olub. O, 2016-cı ildə Türkiyədə həyata keçirilmiş hərbi çevriliş cəhdində yaxından iştirak etməkdə suçlu bilinir. “Al Jazeera”nin yaydığı xəbərdə belə deyilir.

Türkiyə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) mühacirətdə yaşayan FAT partiyasının keçmiş rəsmisi Məhəmməd Dahlanın tutulmasına imkan yaradacaq məlumatlar üçün dörd milyon lirə (700.000 dollar) təklif edib.

Rəsmi Ankara 58 yaşlı fələstinlini BƏƏ-yə və İsrailə casusluq etdiyini bildirir.

Cümə günü daxili işlər naziri Süleyman Soylu “Hürriyet” qəzetinə verdiyi açıqlamada Dahlanın FETÖ ilə bağlı “ən çox axtarılan terroristlər siyahısında” yer aldığını bildirib.

Ankara 15 iyul 2016-cı il çevriliş cəhdində Güləni və onun FETÖ hərəkatını günahlandırır.

Türkiyənin “Daily Sabah” qəzeti cümə günü Dahlanın FETÖ-ya vəsait köçürməkdə günahlandırıldığını yazıb.

Dahlan 2011-ci ildə Fəthdəki keçmiş müttəfiqi, Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbası devirməyə cəhd iddiası ilə FAT-ın idarəetmə orqanından xaric edilib və 2012-ci ildən etibarən BƏƏ-də sürgündə yaşayır.

2016-cı ildə Fələstin məhkəməsi şəxsi iştirakı olmadan Dahlanı korrupsiyaya görə üç il müddətinə azadlıqdan məhrum edib və vəkilinin dediyinə görə, o, məhkəmənin qərarı ilə Fələstin Muxtariyyətınə 16 milyon dollar ödəməlidir.

Türkiyə mediası mütəmadi olaraq Dahlanı çevriliş cəhdində iştirak etməkdə günahlandırır və bu yaxınlarda Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsində də onun əlinin olduğunu söyləyir.

Keçən ay ” Al Jazeera”yə verdiyi müsahibədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BƏƏ-ni “terrorçu”nu himayə etməkdə suçlamışdı: “Dahlan ona görə sizə sığınıb ki, o, İsrailin agentidir”.

Çavuşoğlu daha sonra Türkiyə ilə gərgin münasibətləri olan BƏƏ-ni, Mahmud Abbası Məhəmməd Dahlanla əvəzlənməyə çalışmaqda ittiham edib.

Öz növbəsində isə Dahlan Səudiyyə Ərəbistanı televiziyasına verdiyi müsahibədə prezident Ərdoğanı Suriyadakı “terror qruplarına” dəstək verməkdə, Liviya mərkəzi bankından qızılları oğurlamaqda və “özünü ağa kimi aparmaqda” günahlandırıb.

 

Gununsesi.org