Türkiyəyə qarşı “Afrin tələsi”ində Rusiya izi - MÜRTƏZA BÜNYADLI YAZIR

  • Müəllif: admin
  • 22 Fevral 2018 17:14
Türkiyə ordusunun  Suriyanın Afrində başlatığı “Zeytun budağı”  əməliyyatlara tab gətirməyən  YPG terrorçularının bölgəni Əsəd qoşunlarına təhvil verərək çıxmaq niyyəti dünya mediasının  diqqət mərkəzində olan mövzulardan biridir.  Əsəd qoşunlarının Afrinə girmək cəhdi artıq Suriyada  yeni situasiya yaratmaqdadır. Günlər keçdikcə bu oyunların nəyə xidmət etdiyi və hansı hədəflər güddüyü aydınlşamağa başlayır.
YPG terrorçularını Afrindən getməyə vadar edən amillər nədir. Nədən bu addımı atmaq zorunda qaldılar və belə bir strateji ərazini Əsəd qoşunlarına , daha doğrusu  yenidən Rusiyanın nəzarətinə vermək qərarına gəldi.  Proseslərdən xəbərdar olanlar yaxşı bilir ki,  Bəşər Əsəd bu gün Rusiya və İranın əlinda olan marginal bir fiqurdur. Və onların diqtəsi ilə hərəkət edir. Əsədə qalsa idi, o, bir neçə il bundan öncə postunu təhvil verib, ölkəni də tərk edərdi. Lakin Moskva və Tehranın  hərtərəfli dəstəyi nəticəsində Əsəd Suriyada  qərar tuta bilib.  Bu gün də yalnız onların  istər insani, istər hərbi-texniki, istər maliyyə dəstəyi  nəticəsində ölkə ərazisinin müəyyən hissəsində öz nəzarətini zəif də olsa saxlaya bilib. Əks hücumları da məhz bu ölkələrin dəstəyi hesabına reallaşdıra bilir. Elə son PYD/YPG terrorçu qruplaşması ilə anlaşmanı və onları Afrində əvəzlənməsi də məhz Moskvanın vasitəçiliyi ilə reallaşıdığı hamıya bəllidir. Belə olmasaydı  PYD/YPG terrorçuları belə strateji ərazidən niyə geri çəkilərdi ki?! Deməli burada daha ciddi məqamlar  var. Bu da ondan ibarətdir ki,  ABŞ bu terrorçu təşkilatı dəstəkləməsinə baxmayaraq Türk ordusunun başlatdığı “Zeytun budağı” əməliyyatından  geri çəkindirmək istəyi baş tutmadı. Ankara Afrin əməliyyatının Türkiyə üçün bir  ciddi həyati məsələ olduğunu Vaşinqtona izah etdi.  Bunun bir ölüm-dirim məsələsi olduğunu  və nəyin bahasına olur-olsun davam etdirəcəyini ortaya qoydu. Ankaranın  israrını görən və müəyyən mənada bunu anlayan  Vaşinqton azacıq da olsa bu, məsələdə geri çəkilməli oldu.  Çünki Vaşinqton Ankara ilə üz-üzə gəlmək və münasibətləri tamamilə korlamaq istəmədi. Digər bir səbəb isə Suriya məsələsində  Ankara ilə Vaşinqtonun baxışlarının üst-üstə düşməsi  Ağ Evə müəyyən güzəştlər getməyə vadar etdi. İstər pentaqon generalının, istərsə də onun ardınca Dövlət katibi Reks Tillersonun Ankara səfəri və səfərin yekunu olaraq səsləndirilən bəyanatlar  belə bir qənaətə gəlməyə əsas verir.  Əgər belə bir razılaşama olmasaydı və Vaşinqton israr edib  PYD/YPG güclərinə dəstək versəydi, onların   Afrindən  çıxması  nəinki mümkün olmayacaqdı, heç Əsəd rejimi ilə hər hansı təmasa girməyəcəkdi.
Vaşinqtonun geri çəkilməsi və  “Zeytun budağı” əməliyatına ciddi maneə olmaması PYD/ YPG terrorçularını da müəyyən qərarlar qəbul etmək zorunda buraxdı.
Yaranmış durumdan isə Moskva  dərhal faydalanmağa çalışdı. Rusiya  bir zamanlar  nəzarətində olan Afrin bölgəsini yenidən öz nəzarətinə keçirmək üçün hərəkətə keçdi.  Zamanında PYD/YPG  terrorçuları Moskvanın təklifini qəbul edib, nə onların, nə də ərazini  Əsəd güclərinə təhvil verməyərək ABŞ-la anlaşmaya getdiyindən oranı tərk etmişdi.  Rusiya PYD/YPG-nin onlara qarşı bu cür tavr nümayiş etdirməsini heç cür həzm edə bilmirdi və  onlara “dərs vermək” üçün məqam gözləyirdi. Əvvəlki yazımda da qeyd etdiyim kimi  Türkiyənin “Zeytun budağı” hərəkatı bunun üçün bir fürsət idi və Moskva bundan yararlandı.
Afrində öz niyyətini reallaşdıran Moskva  öz hərəkətlərini gizlətmək və niyyətini aydın formada göstərməmək üçün Əsəddən və iranmeyilli hərbi güclərdən  istifadə etməyə qərar verdi. Bu məqsədlə PYD/YPG və Əsəd arasında vasitəçilik edərək danışıqları təşkil etdi.  Düzdür, tərəflər arasında  irəli sürülən şərtlərdə  tam razılıq əldə olunmasa da,  müəyyən razılıqlar  olub.
Ankara da bunu yaxşı anladığından  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqton və digər  güclərlə deyil, məhz Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə təcili əlaqə saxlayaraq, yaranmış durumu müzakirə ediblər.  Ərdoğan Putin və Həsən Ruhaniyə də Afrin əməliyyatının bir daha Türkiyə üçün hansı əhəmiyyət kəsb etdiyini onların diqqətinə çatdırıb. Müttəfiq olmalarına rəğmən Ərdoğan “Zeytun budağı” hərəkatının hədəflərinə çatmadan dayandırılmayacağını bəyan edib.
Məhz bunun nəticəsi olaraq Əsəd  qoşunlarının, daha doğrusu “Hizbullah” əsgərlərinin bir qismi Afrindəki bəzi yaşayış məntəqələrinə daxil olub.
Görünən odur ki, Ankara Moskva və Tehranla müəyyən anlaşma nəticəsində Əsəd qoşunlarının Afrinə girişinə razılıq verə bilər.  Bu da Ankaranın bəyan etdiyi kimi Türk ordusu  əməliyyatı Türkiyə ilə sərhəddə PYD/YPG terrorçulardan  tam təmizləyənədək davam etdirir.  Bundan sonra Afrin bölgəsində nəzarət  Türkiyə ilə Rusiya arasında bölüşdürülür. Afrin şəhəri daxil olmaqla şimal hissə Türkiyənin, ondan cənub hissə isə Rusiyanın nəzarətinə keçir. Ankaranın bölgədə daha üstün mövqeyə sahib olması isə Türk diplomatiyasının çevikliyindən asılı olacaq.
 PYD/YPG gücləri isə cənub istiqamətdə ABŞ-ın nəzarətində olan  Deyr-ez-zor, Rakkaya  və digər ərazilərdə yerləşdirilərək, orada mövqelərini möhkəmləndirəcək.
Mürtəza Bünyadlı
Gununsesi.info