“Tutaq ki səhv eləmişəm” - MUSA URUD ONU İTTİHAM EDƏNLƏRƏ CAVAB VERDİ

  • By admin
  • 29 Mart 2018 20:58

YAP-çı deputat Musa Quliyevin avtomobilin vurub öldürdüyü yaşlı qadınla bağlı dedikləri onun əleyhinə çevrilib. Qeyd edək ki, Musa Urud yaşlı qadının “o süpürgəçini kimsə məcbur etməyib ki, işləsin” deyə onun küçə süpürməsinin öz arzusu oldugunu bildirib.

Gununsesi.info bildirir ki, Musa Urud özünün sosial şəbəkədəki səhifəsində fikirlərinin təhrif olunduğunu qeyd edib. Deputatın həmin qeydlərini təqdim edirik:

“Nadanlıqmı, namərdlikmi? Ha dedim, cavab verməyim, ötüb keçər, yəqin sadəcə yanlış anlaşılmadır, olmadı. Ailəsindən başqa tanınıb oxunmayan saytlardan tutmuş sosial şəbəkə qeybətçilərinədək, millətin bir yaralı barmağına məlhəm olacaq qədər dəyəri olmayan vətənşivənlərədək hamısı ağız-ağıza verib mənim təhrif olunmuş, kontekstdən çıxarılmış bir fikrimi çeynəməklə məşğuldular. Fikir söykəmək də, onu müzakirə etmək də qəbahət deyil. Amma bu müzakirə deyil axı, söyməkdir, təhqir etməkdir. Belə şeylərə ehtiyac yoxdur. Bu cür davranış milli mənəviyyatımızı dağıtmaqdır. Gəlirəm məsələnin məğzinə: Jurnalist zəng vurub açıqlama istəyir. (Vicdanli yazarlar hamısı etiraf edər ki, mən həmişə mətbuata açıq olmuşam. İqtidar, bitərəf, müxalif mövqeyindən asılı olmayaraq, bütün jurnalistlərə sahəm üzrə müsahibələr, açıqlamalar vermişəm. Zatən millət vəkilinin bir işi də budur) Sabunçu rayonu ərazisində yol qəzası ilə bağlı jurnalist xanım məndən soruşub ki, Əmək məcəlləsində bəzi vəzifələlərə 65 yaş məhdudiyyəti qoyulduğu halda, pensiya yaşında olan qadına niyə süpügəçi işləmək qadagan olunmur. Mən də qanunu şərh edərək bildirmişəm ki, büdcədən maliyyələşən bəzi təşkilatlarda çalışan peşə sahibləri – müəllimlər, həkimlər, mədəniyyət işçiləri, mühəndislər və s. istisna olmaqla digər peşələrdə işləmək üçün yaş məhdudiyyəti qoyulmur. Xüsusən təmizlik sahəsi, iaşə , xidmət sektoru, yaşıllaşdırma, fəhlə və s. kimi xüsusi ixtisas tələb etməyən və əmək bazarında ciddi rəqabət olmayan sahələrdə yaş məhdudiyyəti yoxdur. Pensiyaya çıxdıqdan sonra da əgər sağlamlığı imkan verirsə, bu şəxslər öz işlərində qalıb işləyə bilərlər. Əgər pensiyaya çıxmaq istəyirlərsə, onları heç kəs məcburi işlədə bilməz. Hələ jurnalist qızımıza onu da söyləmişəm ki, belə qəzalar hər yerdə olur və hər kəsin başına gələ bilər. Biz müzakirələrimizdə əsas diqqəti əmək təhlükəsizliyi və yol-hərəkət qaydalarına rəayət etməyin vacibliyinə yönəltməliyik! Əziz fb dostlarım və dost adlı namərd adamlar! Vicdanla söyləyin: mənim bu açıqlamamda qanundan, etikadan kənar nə var ki, hər kəs kor baltasını götürüb üstümə qıcanır? Bu düşüncə ilə, bu mədəniyyətlə, bu savadsızlıqla biz hara gedirik? Fəlsəfə institutunun bir elmi işçisi isə lap gül vurub: Musa Quliyevin mandatı əlindən alınmalıdır. Ay sənin savadına xoruz kəsim! Bir Konstitusiyanı aç oxu da, alim oğlum, dediyi sözə görə mandatmı alınar deputatdan? Bu da akademiya! Bu əlibaltalı nadanlar da axı mənim millətimdir? Lap tutaq ki səhv eləmişəm, sizin ürəyiniz istəyəni deməmişəm, buna görə adamı təhqir eləyərlərmi? Axı müsahibənin lap kontekstdən çıxarılmış mətnini də oxumamısınız, bir başlığa görə adamın başını qoparıb yeyərlərmi? Bu münasibətə nə ad vverək: nadanlıqmı, namərdlikmi? Siz heç olmazsa balalarınıza da belə tərbiyə və öyüd veməyin. Allah hamımızın yardımçısı olsun!!!”

Gununsesi.info