Ukrayna ordusu Rusiya qüvvələrinin irəliləməsinə əngəl olub

  • By admin
  • 14 May 2022 13:42

Ukrayna qüvvələri şərqi Donbas bölgəsində strateji baxımdan əhəmiyyətli çayı keçməyə çalışan Rusiya qüvvələrini dəf ediblər. Bu barədə cümə günü, münaqişənin 79-cu günündə Britaniyanın kəşfiyyat rəsmiləri məlumat veriblər.

Ukrayna ordusunun yaydığı görüntülərdə Siverski Donetsk çayının üzərindəki ponton körpüsünün mümkündür bu həftənin əvvəlində baş verən döyüşlər nəticəsində dağıldığı, Rusiyanın hərbi maşınlarının yandığı göstərilib.

Döyüşlər davam etdiyi bir vaxt, 21 yaşlı rus əsgər cümə günü Kyivdə məhkəmə qarşısına çıxarılıb. Bu, müharibə başlayandan bəri müharibə cinayətləri ilə bağlı keçirilən ilk məhkəmədir.

Müharibə cinayətləri məhkəməsi

Ukraynalı prokurorlar deyir ki, Vadim Şişimarin müharibə başlayandan bir neçə gün sonra, fevralın 28-də Ukraynanın şimal-şərqində Sumi bölgəsində maşından bir neçə dəfə atəş açaraq, yolun kənarında velosiped sürən 62 yaşlı bir kişini öldürüb.

Ukrayna hökuməti deyir ki, onlar Rusiya qüvvələrinin həyata keçirdiyi 10 mindən çox müharibə cinayətlərini təhqiq edirlər, çünki Rusiya qüvvələri Ukrayna şəhərlərini, o cümlədən Buçanı tərk etdikləri zaman orda həyata keçirilən işgəncə və mutasiyaların üstü açılıb.

Rusiya Ukraynada müharibə cinayətləri etdiyini inkar edib və Kreml cümə günü məhkəmədən xəbərdar olmadığını bildirib.

Vaşintonda müdafiə naziri Lloyd Austin fevralın 18-dən bəri ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb.

Pentaqonun mətbuat katibi Con Kirbi yaydığı bəyanatda deyib ki, Austin “Ukraynada dərhal atəşkəsə çağırıb və kommunikasiya xətti saxlamağın vacibliyini vurğulayıb.”

Austin həmçinin cümə günü Ukraynanın müdafiə naziri Oleksii Reznikovla Ukraynanın “döyüş meydançasında artan ehtiyaclarını” müzakirə edib.

“Katib Austin Prezidentin mayın 6-da Ukrayna Silahlı Qüvvələrini 150 milyon dollar dəyərində artilleriya, artilleriya əleyhinə radarlar və elektron müdaxilə avadanlıqları ilə təmin etmək açıqlamasını vurğulayıb,” Kirbi bildirib. “Nazir Reznikov da Ukraynanın şərqindəki vəziyyətlə bağlı təhlilini paylaşıb.”

Putin və Şolts arasında telefon danışığı

Moskvada cümə günü Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefonda danışaraq, Ukrayna-Rusiya arasında sülh danışıqlarını müzakirə edib.

Almaniya lideri tvit ataraq deyib ki, o, 75 dəqiqə davam edən söhbətdə dərhal atəşkəsə çağırıb, Rusiyanın “nasistlərin hakimiyyətdə olduğuna” dair iddialarını yanlış adlandırıb və həmçinin Putinə “Rusiyanın qlobal ərzaq vəziyyətinə görə məsuliyyət daşıdığını” xatırladıb.

Böyük Yeddilərin görüşü

Telefon söhbəti Böyük Yeddilər (G-7) nazirləri Almaniyada keçirilən iclasda birlik olacaqlarına və Ukraynanı daha çox silah və yardımla təmin edəcəklərini vəd etdikləri vaxta təsadüf edib.

Avropa İttifaqının xarici siyasət üzrə başçısı Cozep Borrell Ukraynaya ağır silahlar üçün əlavə 520 milyon dollarlıq hərbi yardımın olacağını açıqlayıb. Eyni zamanda isə üzv ölkələrin Rusiya neftinə embarqonun tətbiq olunması üzərində razılığa gələcəklərinə ümid bəslədiyini bildirib.

Britaniyanın xarici işlər naziri Liz Truss həmçinin Putinin yaxın çevrəsindəki insanlara, o cümlədən keçmiş arvadı və başqa yaxın qohumlarına qarşı yeni sanksiyalar elan edib.

NATO-nun genişlənməsi

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü ölkəsinin Finlandiya və İsveçin NATO-ya qoşulmasını dəstəkləmədiyini deyib və buna səbəb olaraq onların Türkiyənin terror təşkilatı olaraq tanıdığı qrupları, o cümlədən kürd militant qrupları dəstəkləməsini göstərib.

“Biz İsveç və Finlandiya ilə bağlı xəbərləri izləyirik, amma biz buna müsbət yanaşmırıq,” Ərdoğan İstanbulda müxbirlərə deyib. NATO-nun genişlənməsi üçün mövcud üzvlərin yekdilli təsdiqi gərəkdir.

Onun bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya NATO üzvlüyünə müraciət etdiyi təqdirdə “onların NATO-ya isti qarşılanacağını və prosesin rahat və sürətli olacağını” deməsindən bir gün sonraya təsadüf edib.

Gununsesi.info