Ümit Özdağ və mən fərqli namizədləri dəstəkləyə bilərik - Sinan Oğan

  • By admin
  • 22 May 2023 10:48

Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA İttifaqı”nın namizədi olmuş və təxminən 5 faiz səs toplayıb məğlub olaraq ikinci tura keçə bilməyən Sinan Oğan bu turda hansı namizədi dəstəkləyəcəyi barədə danışıb.

Gununsesi.info xəbər verir ki, Oğan bu barədə jurnalist İsmail Saymazın suallarını cavablandırıb.

O, ittifaqa daxil olan Zəfər Partiyasının sədri Ümit Özdağla eyni qərarı verməyə biləcəkləri ehtimalını gündəmə gətirib.

“Ümit bəylə dostluğumuz və münasibətimiz var. Amma qərarımız eyni olmaq məcburiyyətində deyil. Fərqli düşünə bilərik. Eyni düşünmək məcburiyyətimiz yoxdur. Hamının eyni mövqedən çıxış etməli olduğu barədə qayda yoxdur”, – o bildirib.

Qeyd edək ki, “ATA İttifaqı” artıq parçalanıb. Belə ki, ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və “Millət İttifaqı”nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.

Ultra-sağçı Zəfər Partiyasının sədri Ümit Özdağ və Sinan Oğan isə hansı namizədin dəstəklənməsi barədə qərarın bu gün açıqlanacağını bəyan ediblər. Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər. Belə ki, Özdağın Kılıçdaroğlunu, Oğanın isə Ərdoğanı dəstəkləməsi ehtimal olunur.

Gununsesi.info