
REAL Hərəkatının sədri İlqar Məmmədovun vəkili Fuad Ağayev bu gün onunla həbsxanada görüşüb.
Gununsesi.info-nun xəbərinə görə, F.Ağayev bildirib ki, İlqar Məmmədov bütün vəkillərinə təşəkkürünü bildirərək, xidmətlərini yüksək qiymətləndirib və bundan sonra onların xidmətlərinə elə bir ehtiyac olmadığını bildirib.
“Yeni mərhələ başladığından İlqar Məmmədov vəkillərindən imtina edir. Mən onun müdafiəçisi olaraq qalıram. 25 ilə yaxındır İlqar Məmmədovu tanıyıram, həbs olunandan müdafiəçisiyəm. Avropa Məhkəməsiində ReAL sədrinin hüquqlrını müdafiə etməkdə davam edirəm” -, deyə vəkil bildirib.
F.Ağayev yeni mərhələ deyəndə, Məmmədovun işinin Nazirlər Kabinetinin nəzarətində olduğunu və Azərbaycan hökumətinə oktyabrın 25-nə qədər vaxt verildiyini də xatırladıb:
“İndiyə qədər Avropa Şurası Nazirlər Kabineti və Avropa Məhkəməsi belə bir halla qarşılaşmayıb”.
Vəkil Fuad Ağayev hesab edir ki, İlqar Məmmədovun səhhətinin ideal olmasa da, qənaətbəxş saymaq olar.
Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrlə əlaqədar həbs olunub. O, asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilinərək 7 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi, o cümlədən 5.1, 5.4 və 6.2-cı (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası və s.) maddələri pozulub. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov hər hansı sübut olmadan saxlanılıb, dərhal azad edilməlidir.
AİHM-nin bu qərarı icra edilməyib.
Gülnaz Qənbərli
Gununsesi.info












