Veteranlar Birliyinin rəhbərliyinə rüşvət ittihamı

  • By admin
  • 04 Aprel 2018 16:06

Dələduzluqda və mənimsəmədə günahlandırılan “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və onun müavini Cavan Əhmədovun məhkəməsi davam edir. İttihama görə, onlar veteranlar üçün ayrılmış torpaq sahələrini, avtomobilləri onlara verməkdən ötrü pul alıblar.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində aprelin 4-də keçirilən məhkəmədə hazırda 7 saylı məktəbdə müəllim işləyən Nəbi Əlirzayev şahid qismində ifadə verib. Bildirib ki, 1979-1981-ci illərdə Əfqanıstan müharibəsinin iştirakçısı olub. Dediyinə görə, veteranlar üçün ayrılan torpaq sahəsi almaqdan ötrü 4 min manat pul verib: “Əvvəlcə Cavan bəyə 3200 manat verdim. Həmin vaxt torpağa baxmağa da getdik. Qalan 800 manatı da birliyin ofisinə apardım. Deyirdilər ki, torpağın sotunu 1000 manata verirlər. Sonradan bəzi rüsumlar da çıxdı. Torpağı verəndə deyirdilər ki, istəsəniz, sonradan sotunu 3 min manata da sata bilərsiz. Mən torpağı Hövsan qəsəbəsində almışam. Hazırda şəhadətnaməsi mənim adımadır. Mən şikayətimdə bizə torpaq sahəsi verilərkən rüşvət tələb edildiyini göstərmişəm”.

Təqsirləndirilən şəxslər şahidin yalan danışdığını bildiriblər.

Digər şahid Əhməd Paşayev isə söyləyib ki, Əfqanıstan Veteranları Birliyinə müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılmasını istəyib. Amma müraciətinə baxılmadığı üçün icra hakimiyyətinə müraciət edib.

Ə.Paşayev Qara Qarayev ərazisindən torpaq sahəsi almaq üçün müraciət etsə də ona Hövsan qəsəbəsində torpaq sahəsi təklif olunub: “Bizdən rüşvət tələb edilirdi. Mən bələdiyyəyə də müraciət etdim. Bələdiyyə sədri dedi ki, sizin torpaqları Cavangil satıb. Mən nazir müavinlərindən birinin də qəbulunda olmuşam. O, məndən soruşdu ki, hansı cəmiyyətin üzvüsən? Deyəndə ki, Əfqanıstan Veteranları Birliyinin üzvüyəm, qayıtdı ki, “moşenniklərin cəmiyyəti?” Onları belə tanıyırdılar”.

Şahid kimi istintaqda ifadə vermiş Əli Mansurov məhkəmədə danışmaqdan imtina edib. Hakim xatırladıb ki, ifadə verməsə, cinayət məsuliyyəti daşıyacaq. Bundan sonra ifadə verməyə razılaşsa da, deyib ki, şikayətçi olmaqla səhvə yol verib. İndi şikayətçi deyil, tələbi də yoxdur.

Şahid kimi dindirilən Əfqanıstan veteranları deyirlər ki, əslində onlar zərərçəkmiş kimi tanınmalıydılar.

Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.Veteranlar iddia edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Gülər

Gununsesi.info