İran ali lideri Seyid Əli Xamenei ABŞ-nin İrana hücum edəcəyi ilə bağlı gözləntilərə münasibət bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, fevralın 1-də ictimaiyyət üçün çıxış edən Xamenei deyib ki, ABŞ İrana hücum edərsə, bu, regional müharibə ilə nəticələnəcək.
“Biz müharibənin təşəbbüskarı deyilik. Heç kəsi zülm altına almaq niyyətimiz yoxdur. Heç bir ölkəyə hücum etmək istəmirik. Lakin kim bizə hücum etməyə və ya zərər yetirməyə cəhd edərsə, İran xalqının qətiyyətli cavabı ilə üzləşəcək”, – o qeyd edib.
Xameneinin iddiasına görə, ABŞ İranın neft, qaz və digər təbii sərvətlərini ələ keçirmək istəyir.
ABŞ prezidenti Donald Tramp isə fevralın 1-də jurnalistlərə İranla razılığa gəlmək barədə ümidli olduğunu deyib.
Son günlərdə İran körfəzində cəmləşmiş ABŞ ordusuna məxsus aviadaşıyıcıların sayı artıb.
Tramp ötən ilin yanvarında prezidentlik səlahiyyətlərinə başlayanda İranla nüvə proqramı üzrə danışıqlara start verib. Danışıqlar bir neçə ay davam etsə də, iyunda İsrailin İrana qarşı başladığı münaqişə ilə danışıqlar nəticəsiz qalıb.
Tramp administrasiyası İrandan nüvə proqramını tamamilə dayandırmağı tələb edir. İran rəsmiləri isə deyir ki, ölkənin nüvə silahı əldə etmək niyyəti yoxdur və nüvə proqramı mülki məqsədlər üçün nəzərdə tutulub.











