Xarici şirkətlər ölkəni niyə tərk edir? - EKSPERT RƏYİ

  • By admin
  • 15 Sentyabr 2017 12:26

sirket

2014-cü ilin devalvasiyasından sonra ölkə iqtisadiyyatını böhranlı vəziyyətə salan səbəblərdən biri sərmayə qoyuluşlarının azalması oldu. Ekspertlər bu prosesin uzun davam edəcəyi, hökumətin müdaxilə etməyəcəyi təqdirdə şirkətlərin müflis olacağını proqnozlaşdırmışdılar. Ötən ilə qədər yerli və xarici şirkətlər ehtiyat maliyyə mənbələri hesabına ayaqüstə qalmağa çalışsalar da, bazardan çıxanların sayı tək-tük olsa da, son aylarda artıq sürətli yarpaq tökümlərini hiss etməkdəyik.

Gununsesi.info xəbər verir ki, bir müddət əvvəl mətbuatda “Yeni Həyat “ MMC-nin iflas olunması barədə məlumatlar yer aldı. Onun ardınca isə “Vergilər” qəzetində bir neçə xarici  şirkətin ölkəni tərk etməsi ilə bağlı xəbər getdi.

Bunlar “Burintek” elm-istehsalat müəssisəsi MMC-nin (Rusiya) Azərbaycandakı nümayəndəliyi, Birləşmiş Ərəb Əmirliyinin hüquqi şəxsi olan “Globalink Logistics Group Ltd.” şirkətinin Azərbaycan nümayəndəliyi, “Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı nümayəndəliyikləridir. Ümumiyyətlə, son bir ildə ölkəni tərk edən xarici şirkətlər arasında İtaliya, Norveç və tür şirkətləri xeyli sayda var. Azərbaycan hökumətinin vergi islahatları aparmasına, sahibkarlıq yoxlamalarının dayndırılmasına, gömrükdə bürokratiyanı aradanqaldırmasına baxmayaraq, bunlar biznes strukturunu böhran burulğanınıdan xilas edə bilmir.

İqtisadçı-ekspert Nemət Əliyev Gununsesi.info-ya açıqlamasında bildirdi ki, şirkətlərin ölkəni tərk etməsinin əsas səbəbi indiyədək aparılan siyasət nəticəsində inamın ölməsidir.

Bu səbəbdən ekspert hesab edir ki,  sahibkarlar hazırkı nisbi sabitliyin müvəqqəti xarakter daşıdığının fərqindədirlər: “Sabitlik süni yolla yaradılıb. Xüsusilə, manatı inzibati yolla saxlamağa çalışırlar. Hər bir investor Azərbaycandakı investisiya mühitinə bələddir. Xarici sərmayədarlar yerli investorların kapitallarını xaricə daşımasını görürlər. İndiyədək şirkətlərə qarşı qeyri-sağlam münasibətlər, onların sıxışdırılması artıq bu mühitdə bir inamsızlığın yaranmasına səbəb olub. Üstəlik maliyyə vəziyyətinin ağırlaşması da şirkətlərin fəaliyyətə öz sözünü deməyə başlayıb. Yerli investorlar ölkədən kapitalını çıxardığı halda xaricilər niyə qalmalıdır? Ona görə də, 2015-ci ildən başlayaraq xarici investorlar öz vəsaitlərini ölkədən çıxarmağa başlayırlar”.

N.Əliyev deyir ki, iqtisadiyyatda böhranın dərinləşməsi hökumət rəsmilərinin bütün çağırışlarını kölgədə qoyur: “2015-ci ildə fevral ayında devalvasiyadan öncə dövlət başçısı çağırış etmişdi və manatın ucuzlaşmayacağını bəyan etmişdi. Amma yaranmış iqtisadi situasiya bu çağırışları geridə qoydu.  Gömrükdə, vergidə müəyyən müsbət dəyişikliklər oldu. Təəssüf ki, Strateji Yol Xəritəsində nəzərdə tutlan islahatlar da hələ ki, həyat vəsiqəsi almayıb. Amma islahat adı ilə verilən təkliflər artıq itkiləri sığortalaya bilmir.

Bundan əlavə, investorlar sərmayələrini  1-2 illik deyil, uzun vade üçün yatırım edirlər.  Onlara zəmanət verən yoxdur ki, Azərbaycanda vergi sıxışdırmaları yenidən baş qaldırmayacaq”.

İqtisadçı deyir ki, itmiş inamı bərpa etmək üçün ciddi, nəzəraçarpacaq islahatlar aparılmalıdır: “Zamanında investorlar tərəfindən verilən təkliflər icra olunsaydı, şikayətlər şəffaf şəkildə dinlənilsəydi, ortaya bu qədər ağır fəsadlar ortaya çıxmazdı, iqtisadiyyat da böhrana bu qədər dərin sürüklənməzdi.

Azərbaycan iqtisadiyyatı nefdən asılıdır.  6 ayın nəticələrinə görə, neft hasilatında 2 milyon ton azalma var və ilin sonuna kimi bu rəqəmin 4 milyon tona qədər yüksələcəyi  proqnozlaşdırılır. Iqtisadiyyatı neftdən asıl olan ölkənin hasilatında belə azalma varsa, bu, ciddi nəticələr çıxarmaq üçün əsas verir. Ona görə də, xarici şirkətlər iqtisadiyyatda böhranın daha bir müddət davam edəcəyinin fərqindədirlər. Qeyri-neft sektorunda da vəziyyət ürək açan deyil. Bu da xarici investorların diqqətindən yayınmır”.

Vüsalə Rüstəmova

Gununsesi.info