Xocalı soyqırımının ilə bağlı Ombudsmanın silsilə tədbirləri davam edir

  • By admin
  • 22 Fevral 2018 12:31

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən ay ərzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Bakıda və regionlarda Ombudsman Aparatının və Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzləri əməkdaşlarının iştirakı ilə silsilə tədbirlər təşkil edilir.

Gununsesi.info-nun xəbərinə görə, bu tədbirlərə dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin, QHT-lərin, icmaların, KİV-lərin nümayəndələri, gənclər və məktəblilər cəlb olunub.

Bu günlərdə Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyində Qazax Rayon İcra Hakimiyyətinin, müxtəlif dövlət qurumlarının, fəal gənclərin, rayon ictimaiyyətinin iştirakı ilə “Xocalı soyqırımı insan hüquqları müstəvisində” mövzusunda tədbir keçirilib.

İlk öncə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova xalqımızın qan yaddaşı olan Xocalı Soyqırımının 26-cı ildönümü münasibəti ilə ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da rayon icra hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər planına uyğun olaraq aktiv tədbirlərin təşkil edildiyini, həmçinin əhalinin maarifləndirilməsi istiqamətdə mütəmadi olaraq Ombudsmanın Gəncə Regional Mərkəzi ilə birgə tədbirlərin həyata keçirildiyini qeyd edib. O, Xocalı soyqırımı ilə bağlı tədbirə görə Müvəkkilə dərin təşəkkürünü bildirib.

Təqdimatla çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum zamanı Azərbaycan xalqına qarşı soyqırımı beynəlxalq cinayəti törədilmişdir. Beynəlxalq hüquqa əsasən Xocalı faciəsi BMT-nin 1948-ci il tarixli Soyqırımı Cinayətinin qarşısının alınması və cazalandırılması haqqında Konvensiyası ilə tövsif edilməli, faciəni törətmiş canilər beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməlidirlər.

Xocalı soyqrımının beynəlxalq səviyyədə tanınmasının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini qeyd edən S.Abbasov Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi üzrə davamlı olaraq addımlar atıldığını, bu istiqamətdə Ombudsmanın hər il beynəlxalq ictimaiyyətə göndərilmiş bəyanatlar verdiyini söyləyib. O, Müvəkkilin Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə və bir çox mötəbər beynəlxalq təşkilatlara ünvanlanan 12 fevral 2018-ci il tarixli bəyanatını iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsini dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.

Digər tədbir iştirakçıları da mövzu ilə əlaqədar çıxışlar edərək Xocalıda törədilmiş cinayətə soyqrım cinayəti kimi qiymət verilməli olduğunu, bu istiqamətdə Azərbaycan Ombudsman təsisatının beynəlxalq səviyyədə həyata keçirdiyi təbliğat tədbirlərinin, onun beynəlxalq ictimaiyyətə göndərdiyi bəyanatlarının əhəmiyyətini vurğulayıblar. Sonda Xocalı soyqırımının canlı şahidlərinin bu qanlı faciə zamanı törədilmiş erməni vəhşiliklərindən bəhs etdikləri video nümayiş etdirilib.

Tədbirdən sonra Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Qazax rayon məktəblilərinin çəkdikləri rəsmlərin sərgisində iştirak ediblər. Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunmuş, qalereyanın dərnək üzvlərinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin və rayonda təhsil alan orta məktəb şagirdlərinin əl işlərinin nümayiş edildiyi sərgidə faciəni özündə əks etdirən 60 rəsm əsəri nümayiş olunub. Sərgidə iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu rayonda keçirilən tədbirə görə Ombudsmana təşəkkürünü bildirib.

Gülnaz Qənbərli
Gununsesi.info