
Son dövrlər Qərb mediasında, xüsusən də “The Guardian” mətbu orqanında anti-Azərbaycan yazılara rast gəlmək olar. Adıçəkilən mətbu orqanında yer alan növbəti belə bir yazıda Avropa Şurasının (AŞ) baş katibi Torbörn Yaqlandın AŞPA-nın sessiyasında Azərbaycanın məsələsinə baxaraq, fəaliyyətinə hüquqi qiymət verilməsi ilə bağlı fikri ciddi etiraza səbəb olub.
“The Guardian” yazır ki, Yaqlandın belə bir iddia ilə çıxış etməsinə səbəb kimi Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin müvafiq qərarlarını icra etməməsi göstərilib. Avropa Şurası rəhbərinin fikrincə, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına baxmayaraq, Azərbaycanın “siyasi məhbusları” azad etməkdən boyun qaçırır. Avropa Şurası baş katibi Torbörn Yaqland ötən çərşənbə günü Avropa Şurası səfirlərinin görüşündə Azərbaycana qarşı hüquqi addımların atılmasına çağırıb.
Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz millət vəkili Aydın Mirzəzadə Gununsesi.info-ya açıqlamasında AŞ rəhbəri Torbörn Yaqlandın səsləndirdiyi fikirləri heç bir əsası olmayan və subyektiv fikir kimi dəyərləndirib.
Onun sözlərinə görə, Azərbaycan nəinki Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını, eyni zamanda bəzi hallarda belə, razılaşmaları icra edir. “O baxımdan da mən Torbörn Yaqlandın səsləndirdiyi fikirləri özünün şəxsi subyektiv mövqeyi kimi dəyərləndirirəm. Çünki Avropa Məhkəməsinin qərarlarının icrası heç də onun dediyi kimi deyil. Avropa İnsan Haqları Məhkəməsinın çıxardığı qərarlar Azərbaycan məhkəmələrinin qərarlarını ləğv etmir və belə hüquqa malik deyil. Sadəcə onun tövsiyə vermək xarakteri var”- deyə, A.Mirzəzadə vurğulayıb.
Avropa Şurası kimi bir mötəbər təşkilatın rəhbərinin hüquqi məsələlərlə bağlı digər ölkəyə qarşı belə mövqe sərgiləməsini düzgün hərəkət hesab etməyən A.Mirzəzadə deyib ki, belə məsələlərdə ən azından mütəxəssislərin rəyini öyrənmək və ondan sonra mövqe sərgiləmək lazımdır. “Bir də Torbörn Yaqlandın anti-Azərbaycan fikirlər səsləndirməsi birinci dəfə deyil, onun Azərbaycan əleyhinə bir neçə dəfə belə çıxışları olub. Baxmayaraq ki, Azərbaycan vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquqlarının müdafiə sahəsində praktik addımlar atsa da, Avropa Şurası rəhbəri Torbörn Yaqland təşkilatın Nizamnaməsinə zidd Azərbaycan əleyhinə bəyanatlarla çıxış edib. Yəqin Torbörn Yaqland bu hərəkətləri ilə özünün xidmətini anti-Azərbaycan qüvvələrə təklif etməklə o, komandada yer almaq niyyətini güdür”- deyə, A.Mirzəzadə vurğualyıb.
Millət vəkili əlavə edib ki, o, bunu Azərbaycanın daxili işlərinə qarışmaq kimi dəyərləndirir: “Onsuz da Azərbaycan onun maraqlarına uyğun olmayan və sərfəli şərtlər daxilində olmadıqda belə qərarların qəbul olunmasına heç zaman imkan verməyəcək. Azərbaycanın Avropa Şurası ilə sıx əməkdaşlığı var və bu əməkdaşlıq bundan sonra da davam edəcək. Bir daha qeyd edirəm ki, Torbörn Yaqlandın fikirlərini düzgün hesab etmirik”.
Mürtəza
Gununsesi.info












