“Yalnız gözəl dişlərə malik insan həyata təbəssümlə baxa bilər!” - DR.FƏRİD ZEYNALOV

  • Müəllif: admin
  • 25 Sentyabr 2017 14:21

215257_6449082765_4622_n

Gözəl təbəssüm artıq, sadəcə, şəxsi məsələ deyil, eyni zamanda sosial status göstəricisidir. Artıq stomatologiyada müalicəsi mümkün olmayan problem qalmayıb. Hər kəs bəyaz, gözəl və sağlam təbəssüm sahibi ola bilər. Dünyada süni qida ixracı artdıqca insan sağlamlığında problemlərin sayı hədsiz çoxalır. Bu fəsadlar isə əsasən diş və damaq sistemində özünü daha çox büruzə verir.

Məhz bu mövzu ilə bağlı uzman doktor Fərid Zeynalov Gununsesi.info-nun suallarını cavablandırıb.

– Doktor, diş ləkəsi nədir?

– Diş səthinin rəng dəyişməsi (tooth discoloration) kimi bilinən diş minası ləkələnmələri, kariyesə (çürüməyə) bağlı olmayan müxtəlif növ rəng dəyişmələrinə verilən ümumi addır. Daxili rənglənmələr və xarici rənglənmələr kimi iki qrupa ayrılan çoxlu sayda rənglənmə növləri, yaranma səbəblərinə (etioloqiyasına) və diş toxumalarının zədələnmə dərəcəsinə görə klassifikasiya edilirlər. Qeyd etmək lazımdır ki, diş rənglənmələri estetik nöqsan olmaqla yanaşı, ümumiyyətlə diş-ağız sağlığına son dərəcə mənfi təsir göstərən amildir. Ləkələnmələr bəzi patoloqiyaların nəticəsi olduğu kimi, səbəbi də ola bilərlər.

– Diş rənglənmələrini yaradan səbəblər nədir?

– Diş rənglənmələri əksər hallarda gigiyena əskikliyi, qida piqmentasiyası və bəzi xarici faktorlar (nikotin, travmalar, nöqsanlı müalicə v.s.) səbəbi ilə yarandığı kimi, nadir hallarda anadangəlmə (irsi) faktorlarla da ortaya çıxa bilər. Ən çox görülən diş rənglənmə növləri, əlbəttə, ağız boşluğu gigiyenasının zəif olduğu hallar və bəzi qida məhsullarında mövcud olan piqmentlərin diş minası səthi üzərində yığılmasıdır. Diş daşlarının və bakteriyal plakın (zərin) dişlərin səthinə yığılması nəticəsində əmələ gələn ləkələr ən çox görünən rənglənmə növü olduğu halda, ən asan müalicə olunan rənglənmələrdir. Ayrıca rənglənmələrə diş toxuması xəstəlikləri (hipoplaziya, hiperplaziya, fluoroz v.s.), bəzi dərman maddələri (tetrasiklin, bisfenol, xlorheksidin v.s.) və dişlərin nöqsanlı müalicəsi (rezorsin-formalin, amalqam, silikat kimi preparatların istifadə olunması) səbəb ola bilər. Siqaret çəkən insanlarda görünən nikotin ləkələri həm dişlər, həm də ağız boşluğunun yumşaq toxumaları üçün son dərəcə təhlükəlidir.

– Diş ləkəsini yarandan qidalar hansılardır?

– Uzum müddət istifadə olunduğunda və diş-ağız boşluğu gigiyenasına lazım olduğu dərəcədə fikir verilmədiyi hallarda, bəzi qida məhsullarında (kofe, ketçup, qırmızı şərab, kola, tund çay, giləmeyvələr v.s.) mövcud olan piqmentlər (təbii rəngləndiricilər) diş minası səthinə yapışaraq yığılır və təmizlənmədiyi halda ciddi ləkələnmələrə səbəb olurlar. İncə zər kimi formalaşan çökmələr qalınlaşaraq, bakterityal plak (mikroorqanizmlərin mövcud olduğu patolojik zər), daha sonra isə kalsifikasi olaraq dişdaşları halına dönüşürlər. Bu səbəblə də yuxarıda adı çəkilən qida məhsullarının istifadəsi hallarında ağız qiqiyenasına mütləq ciddi dərəcədə əməl olunmalıdır.

– Diş rənglənmələrinin müalicəsi necə aparılır?

– İlk mərhələdə diş üzərində mövcud olan bütün çöküntülər xüsusi ultrasəs aparatlarla təmizlənilir. Daha sonra rənglənmənin növünə görə xüsusi ağardıcı gellərdən istifadə olunaraq, dişlərin rəngi ağardılır. İki növ diş ağardılma üsulu var: kliniki bəyazlatma (peşəkar, office bleaching) və ev şəraitində (home bleaching). Peşəkar ağardılma həkim-stomatoloq nəzarəti altında, xüsusi ayırıcılar, gellər və aktivatorlar vasitəsiylə həyata keçirilir. Kimyavi reaksiyaların sürətləndiricisi kimi ultrabənövşəyi şüalanma, lazer şualanması, istilik (infraqırmızı şüalanma) və xüsusi kimyəvi birləşmələr (katalizatorlar) çıxış edə bilər. Hal-hazırda ən müasir və effektiv üsul kimi LED işıqlar (“soyuq işıq”) və kimyəvi aktivasiya olunan gel qarışıqları istifadə olunur. Ağartma gelləri müxtəlif  konsentrasiyalarda karbamid peroksid (Carbomide Peroxide) və hidrogen peroksid (Hydrogen Peroxide) ehtiva edirlər. Bu üsulla ağardılma 30-60 dəqiqə müddətində hayata keçirilir. Ləkələnmənin çox olduğu hallarda, prosedur  bir necə seans təkrarlana bilər. Evdə dişlərin ağardılması üçün istifadə olunan gellər, aktiv maddələrin əhəmiyyətli dərəcədə aşağı konsentrasiyası ilə pəşakar vasitələrdən fərqlənirlər. Xüsusi kappanın (dişlənin üzərinə taxılan qoruyucu və depolayıcı lövhə) içinə doldurulan gel bir necə saat ərzində tədbiq olunur. Ümumiyyətlə bu üsulla müalicə 3-7 gün davam edə bilər.
Çox vaxt bu metodların hər ikisi bir yerdə istifadə olunur və ən ağardıcı təsir bu kombinə ağartmada müşahidə olunur.

– Hansı diş ağardıcı üsullar daha təhlükəsizdir?

– Əlbətdə ki, həkim nəzarəti altında aparılan prosedurlar daha təhlükəsiz və effektivdir. Pərakəndə satılan və sertifakasiya olunmamış bəzi ağartma vasitələrinin istifadəsi çox zərər verici ola bilər. Dişin sərt toxumalarına və diş ətinə kimyəvi təsir nəticəsində ciddi fəsadlar ortaya cıxa bilər. Bunun üçün bu növ prosedurlar ancaq pəşakar həkim-stomatoloqlar tərəfindən həyata keçirilməlidir. Beləcə, ortaya çıxa biləcək risklər minimal səviyyədə tutulur. Hal-hazırda bizim istifadə etdiyimiz və müasir standartlara görə ən zərərsiz və ən çox effektiv sayılan BOOST sistemidir.

– Ev şəraitində dişlərin ağardılması üçün nələri tövsiyə edədiniz?

– Ev şaraitində dişlərin ağardılması yuxarıda sadaladığımız səbəblərdən savayı risklidir. Bəsit, xalq təbabetində bilinən vasitələr istənilən nəticəni vermir. Satışda olan yeni vasitələr isə kifayət qədər keyfiyyətli deyil və ən əsası da lazım olan sertifikatlaşdırmadan keçməyib. Təəssüf ki, bu cür vasitələrin istifadəsi nəticəsində ortaya çıxan və günü gündən sayı artan fəsadlarla qarşılaşırıq. Ev şəraitində ancaq dişlərin gigiyenik üsullarla təmizlənməsiylə  gözəllik və sağlamlığı təmin oluna bilər. Mütəmadi təmizlik, zərərli vərdişlərdən uzaq olmaq və profilaktik tədbirlər həm sağlam, həm də gözəl təbəssümü təmin edə bilər.

– Diş ağartmanın fəsadları mümkündürmü?

– Qeyd etməliyəm ki, hər vəziyyətdə diş ağardılması prosedurunu tətbiq etmək olmaz. Dişlərin və diş ətlərinin konkret vəziyyəti nəzərə alınmalıdır. Misal üçün, diş əti xəstəlikləri və ya dişlərdə çox sayda plombların mövcud olması, dişlərdə həssaslığın, çatların və kariyesin olması, ağardılma gellərinin istifadəsi üçün əks-göstəricidir. Belə hallarda sadəcə diş daşı və bakteriyal plakın təmizlənməsi məsləhət görülür. Ayrıca düzgün aparılmayan və keyfiyyətsiz vasitələrdən istifadə olunması da müəyyən fəsadlara yol aça bilər. Bunlar dişəti və yumşaq toxumaların kimyəvi zədələnməsi, dişlərdə həssaslıq və ağrılar kimi özünü biruzə verə bilər. Belə halların qarşısını almaq üçün ağardılmadan sonra dişlərə mütləq remineralizasiya və həssaslıqa qarşı xüsusi maddələr tədbiq edilir.

– Ağartma prosedurundan sonra pasientlər nələrə diqqət yetirilməlidir?

– Birinci növbədə pasiyentlərimizə ağız gigiyenasının yaxşılaşdırılmasını məsləhət görürük. Bunun üçün də mütləq pasiyetlərimizə dişlərin düzgün fırçalanmasını, diş saplarının (dental floss) istifadəsini və qiqiyenik qarqaraların istifadəsini öyrədirik.

– Müasir təbabətdə bəyaz təbəssüm yaratmanın sirri nədədir?

– Müasir stomatoloqiya insanların sadəcə sağlam deyil, eyni zamanda gözəl olmalarını təmin edir. Estetik stomatologiya üsulları arasında çoxlu sayda bərpaedici metodlar mövcuddur. Əyri diş cərgələrinin düzəldilməsi üçün ortodontik müalicə; olmayan dişləri əvəz etmək üçün implantlar; estetik bərpalar üçün müxtəlif kompozit və metalsz keramika vasitələr və çox sayda buna oxşar müxtəlif metodikalar stomatoloqlara əsl mənada təbəssüm dizaynını həyata keçirməyə imkan verir. Avropada aparılan sosiyolojik araşdırmaya görə, 74% insan hesab edir ki, çirkin dişlər şəxsi həyat və karyeraya mənfi təsir edir. Eyni araşdırmada göstərilib ki, pis dişləri olan insanlar, yaxşı dişləri olanlardan 18% daha az maaş alırlar. Yəni, gözəl təbəssüm artıq, sadəcə , şəxsi məsələ deyil, eyni zamanda sosial status göstəricisidir. İqtisadi vəziyyətin yaxşılaşması, texnologiyanın təkəmülü və insanların öz sağlamlıqları və xarici görünüşləri haqqında daha çox düşünməyə başlaması estetik stomatologiyanın sürətli inkişafına təkan oldu.  Artıq stomatologiyada müalicəsi mümkün olmayan problem qalmayıb. Hər kəs bəyaz, gözəl və sağlam təbəssüm sahibi ola bilər.

– Doktor, sizin üçün “Sağlamlıq Formulası” nədir?

– Sağlamlıq, sadəcə, fiziyoloji mənada qusursuz işləyən orqanizm demək deyil, ilk növbədə insanın özünü komfortlu və xoşbəxt hiss etməsidir. Bu isə hər şəxs üçün, sadəcə, ona məxsus olan faktorlara bağlıdır. Kim isə ciddi fiziki nöqsanlarla belə özünü sağlam hiss edə bilər, kim isə sağlamlığı gözəlikdən ayırmır. Uzun illər üz-çənə-diş estetikası ilə məşqul olmağım mənə bir şeyi öyrədib – yalnız gözəl dişlərə malik insan həyata təbəssümlə baxa bilər.

11262462_10153326049987766_4943813863056339818_n

Beyaz-Dişler-375x276

Gülnaz Qənbərli

Gununsesi.info