Yaralı azərbaycanlılar Xarkovda köməksiz qalıblar: “Maşından düşürüb ikimizi də güllələdilər” – FOTO

  • By admin
  • 10 Mart 2022 17:17

Masallı rayon Ərkivan kənd sakini 1980-ci il təvəllüdlü Bayramov Yusif və Masallı rayon Hışqədərə kənd sakini 1982-ci il təvəllüdlü Tahirov Samir Ukraynanın Xarkov şəhərində güllə yarası alıblar və hazırda şəraiti olmayan xəstəxanadadırlar. Onların vəziyyəti çox acınacaqlıdır. Vətənə qayıtmaq üçün kömək istəyirlər.

Bu barədə Bakupost.az-a Bayram Yusifov danışıb.

Onun sözlərinə görə, hazırda qaldıqları xəstəxanada vəziyyət çox acınacaqlıdır:

“Fevralın 21-də biz böyük maşınla Moldovaya mal aparmışdıq. Yükü təhvil verəndən sonra Xarkova qayıtdıq. Orada yenidən maşına şirniyyat yükləyib Azərbaycana qayıtmalı idik. Həmin gün maşına heç bir şey yükləyə bilmədik, dedilər sabaha qaldı. Bir neçə saat sonra telefona mesaj gəldi ki, bəs sərhəddə atışmalar başlayıb. Mən növbəti gün Rusiya-Ukrayna sərhədinə doğru yol aldım. Həmin vaxt orada olan əsgərlər üstümüzə hücum etdilər, daha sonra maşını yoxladılar və dedilər ki, icazə yoxdur, sizi buraxa bilmərik.

Biz dedik ki, biz azərbaycanlıyıq və boş maşındı icazə verin gedək. Yenə də icazə vermədilər. İki gün sərhəddə qaldıq. Daha sonra bildirdilər ki, burada qalmağın mənası yoxdur, qayıdın, özünüzə yol axtarın. Fevralın 27-də biz geri qayıdarkən Xarkov körpüsünü keçmək istəyəndə atışma başladı. Həmin vaxt bir neçə maşını partlatdılar, amma biz çıxa bildik. Daha sonra bizi mühasirəyə aldılar və məcbur maşından yerə düşdük. Üç metr arada məsafə olmaqla məni qarın nahiyəmdən, Tahirov Samiri isə ayağından vurdular. Biz onlara dəfələrlə dedik ki, Azərbaycan vətəndaşıyıq və müharibəyə düşəcəyimizi bilmirdik. Amma heç kim bizi eşitmirdi. Vurandan sonra təcilli yardım çağırıb bizi tibb məntəqəsinə göndərdilər”.

Y.Bayramovun sözlərinə görə, hazırda onlar tibb məntəqəsində çox ağır vəziyyətdədirlər:

“Hazırda Xarkovda 4 saylı təcilli yardım məntəqəsində çox pis vəziyyətdəyik. Başa düşürük ki, müharibə şəraitidir, amma xahiş edirik dövlətimiz, səfirliyimiz bizim səsimizi eşitsin. Hazırda güllə yaramız var və heç bir köməklik yoxdur. Artıq 10 gündən artıqdır biz buradayıq. Heç bir səfirliklə əlaqə saxlaya bilmirik. Dövlətimizdən xahiş edirik ki, bizi buradan çıxarsınlar. Hər yerdə atışma və güllə səsləri eşidilir”.