Yeni doğulmuş uşağa ad seçimində razılığa gəlinməyəndə nə edilməlidir? - HÜQUQŞÜNAS YAZIR

  • By admin
  • 09 Yanvar 2023 09:17

BABAMIN NƏSİHƏTİ

(yalnız kişilər üçün)
Dünən bir status oxudum. Gənc ailənin qızı doğulub, ərin atası uşağa öz anasının adını qoymaq istədiyi üçün arvad demarş edərək durub gəlib valideynlərinin evinə. Ailə Məcəlləsinin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll olunur. Təbii, o da həll edə bilməsə, işə məhkəmə baxacaq. Mənə həmişə maraqlı idi ki, belə işlərə baxan dövlət orqanı məsələni necə həll edəcək. Axı hansı meyarı rəhbər tutub, ad qoyacaq? Kimin sözü onun üçün daha keçərli olacaq? Dədə Qorqud deyil ki, istədiyi adı qoyub tərəfləri razı salsın!

Əslində, bu problem bir daha göstərir ki, ailədə heç vaxt bərabərlik ola bilməz. Bir nəfərin sözü həlledici olmalıdır. Təbii ki, ərin! Bu, o demək deyil ki, müzakirə olmamalıdır. Olmalıdır. Amma son söz ərdə olmalıdır. İndi görün, nə günə qalmışıq ki, kişi uşağının adını belə qoya bilmir. Kimdir günahkar?

Günahkar kişilərdir! Çünki cılızlaşaraq ailədə iqtidarı əldən verə-verə gedirlər. Başa düşmürlər ki, qadının nə deməsi əhəmiyyətli deyil. Qadın əmələ qiymət verir. Əməldə isə kişi qətiyyətli və sözübütöv olmalıdır. Qadın, onun sözü ilə oturub duran kişidən əvvəl-axır soyuyur. Kişinin var-dövləti də kar etmir. Nəticədə onun yerini hətta adını da yaza bilməyən hansısa enlikürək idman təlimçisi asanlıqla tutur. Hər bir halda maymaqlaşan kişi bir də ayılıb görür ki, Lev Tolstoyun “Kreytserova sonata” əsərinin qəhrəmanı kimi deyir ki, “Vanka ilə gedirəm, onun saçları səninkindən daha qıvrımdır!” Yeri gəlmişkən, hər bir kişi bu əsəri oxumalıdır. Oxumayan heç olmasa rus dilində bu filmə https://www.youtube.com/watch?v=Lglkp7Ba-Rg, Azərbaycan dilində isə bu tamaşaya baxsın https://www.youtube.com/watch?v=_rEnF68Pd3I.

12-13 yaşım vardı. Təxmini 80-ci illərin sonu idi. Yay idi. Lerikin Siyov kəndində mərhum babam Yunusun evində idim. Babamla söhbət etməyi sevirdim (Bakıda da bakılı babam Mirmehdi ilə tez-tez danışırdım, amma nənəm Aynaxanımla söhbət etməyi daha çox sevirdim). Hətta məktublaşırdım da onunla (təbii, elektron poçtla yox – bu qeyd gənclər üçündür!). Daha çox da İkinci Dünya Müharibəsində iştirakı barədə sual verirdim ona. Kolxoz sədri olduğu dövrdən də tez-tez danışırdı. Hər bir övladı haqda da ona xeyli sual verirdim. Babamla Kinəxanım nənəm 15 övlad böyütmüşdü (doğulan uşaq sayı 20-dən çox olub). Nəvələrinin sayı 50-yə yaxındır. Hər ikisi nəinki nəticə, hətta kötücə də gördülər. Babam 91, nənəm isə 89 yaşında vəfat etdi. Nənəm həmişə öz sözünü deyən qadın idi, amma son söz sahibi babam idi. Elə baxışı və bir qədər səsini qaldırması kifayət edirdi.

Nə isə, qayıdıram 80-ci illərin sonuna. Babam (təxmini 80 yaşı var idi onda) birdən şən tərzdə mənə yarızarafat, yarıgerçək əhvalat danışdı. Deməli, toy gecəsi bəy təsadüfən eşidir ki, gəlinin anası qızına nəsihət edir: “Əsas ilk gecədə üç körpünü keçməlisən. Oğlan sənə üç şey etməyi buyurduqda, de ki, özün et. Elə ki, buna nail oldun, hökmranlıq sənin əlində olacaq həmişə!” Elə ki, bəylə gəlin tək qalır oğlan su istəyir. Qız şirin dillə deyir ki, özün tök iç. Oğlan belə də edir. Oğlan əlüzünü yuyur və dəsmal istəyir. Qız daha şirin dillə deyir ki, özün götür. Oğlan götürür. Elə bu anda qapı döyülür. Oğlan deyir ki, gör kimdir. Qız şipşirin dillə deyir ki, əzizim, özün bax, yaman yorulmuşam. Amma bu dəfə oğlan inad edir. Qız da. Mübahisə düşür. Nəticədə oğlan qızı döyür, ayaqlarını da sındırır. Sonra gedir qapını açır. Gələn qayınanası olur. Soruşur ki, nə olub qızıma. Oğlan da cavab verir ki, üçüncü körpünü keçəndə yıxıldı, ayaqları sındı…

Əlbəttə, müasir dövrdə qızlar körpüləri əsasən toydan xeyli əvvəl keçirlər (buna görə onları nə döymək, nə də ayaqlarını sındırmaq lazım deyil, sadəcə yerlərini onlara dərhal göstərmək lazımdır, başa düşməyənə isə yerindəcə “давай, до свидания” demək lazımdır, beləsindən arvad olmaz!). Özü də üç dəfə yox, daha çox. Romantik filmlər və seriallar da onlara bunda yardımçı olur. Nəticədə oğlanların əksəriyyəti artıq toy günü ailə başçısı statusuna malik olmur. Təbii, sonra uşağının adını da özü qoya bilmir və s. və i.a…

P.S. Məsələ sırf ailə problemi deyil. Dövlətçilik problemidir. Boşanmaların sayı artır. Perspektivdə bizi demoqrafik tənəzzül gözləyir. Doğub-törəməyən xalqın, onun dövlətinin gələcəyi yoxdur. Hər şey də erkəyin evdə, ailədə kişi, ailə başçısı olmağa qadirliyindən asılıdır…

Əkrəm Həsənov
VƏKİL