Yeni layihə Qarabağda tətbiq olunacaq – Nazir

  • By admin
  • 05 Noyabr 2021 11:40

Ölkə başçısı tərəfindən Qarabağ və Şərqi Zəngəzur regionu birlikdə yaşıl enerji zonası kimi elan edilib. Cənab Prezidentin Energetika Nazirliyinə belə bir tapşırığı olub. Biz hazırda bütün regionda yaşıl enerji zonasının tətbiq edilməsi üzrə konsepsiya sənədi hazırlayırıq.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, layihə üzrə işlər demək olar ki, sona çatdırılıb: “Hazırda hökumətlə razılaşdırılmaqdadır. Konsepsiya imkan verəcək ki, bölgədə tam şəkildə enerji istehsalını bərpa olunan enerji vasitəsilə həyata keçirək. Eyni zamanda istehlakçı hissəsində də yüksək, yaşıl texnologiyaların tətbiqi vasitəsilə bu sahədə yaşıl enerji artımına nail olaq”.

Pərviz Şahbazov qeyd edib ki, yeni layihə işğaldan azad olunmuş ərazilərdə tətbiq olunacaq: “Azərbaycanda enerji sektorunda islahatlar davam edir. Mərhələli şəkildə bütün bu məsələlərə baxılmaqdadır. Hökumət tərəfindən beynəlxalq təcrübə dərindən öyrənilərək Azərbaycanda bu islahatların ən yüksək səviyyədə aparılması labüddür. Biz də bu istiqamətdə müvafiq işlər aparırıq. Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq addım-addım bu işlər həyata keçirilir. Bir neçə ay əvvəl bərpa olunan enerji mənbələri ilə bağlı Azərbaycanda yeni qanun bərpa olundu. Enerji effektivliyi sahəsində Azərbaycanda yeni qanun qəbul olundu. Bu qanunların ölkədə tətbiq edilməsi üçün bir sıra, hətta çox sayda alt qanunvericilik aktları qəbul olunmalıdır, onlar işlənib hazırlanmalıdır. Hazırda nazirlik, o cümlədən digər dövlət qurumları tərəfindən bu qanunlar hazırlanmaqdadır. Bunlar hamısı hazır edildikdən sonra mərhələli şəkidə islahatlar həyata keçiriləcək”.

Gununsesi.info