Yenidən qapanma olacaqmı? – Həkim detalları açdı

  • By admin
  • 11 Mart 2021 14:57

Pandemiyanın ikinci ilinə keçməyimizə baxmayaraq, cəmiyyətin bu xəbərlərdən yorulduğu bir mərhələyə gəlmişik. Hər gün heç də xoş olmayan, mənfi emosiya yaradan xəbərlər eşitmək sadəcə insanların deyil, dövlətlərin də gələcək planlarını ciddi şəkildə pozur. Ayın əvvəlində də söyləmişdim ki, qarşıdakı 2 həftəlik epidemioloji vəziyyət Operativ Qərargahın verəcəyi qərarlara təsir edəcək. Təəssüf ki, xoş arzu və niyyətlərlə xatırlanan Novruz bayramı ərəfəsində belə rəqəmlərin qeydə alınması aidiyyəti qurumları qorxutmağa başlayıb.

Gununsesi.info xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov qeyd edib. Həkim bildirib ki, yoluxma sayı artanda test sayı arasındakı əlaqəyə baxılır:

“Göstəricilərin 7-8 faizə çatması tendensiyanın mənfiyə doğru getməsindən xəbər verir. Lakin yoluxma sayının 5000-ə qədər gəldiyi dönəmlərdə test sayı ilə yoluxma sayı arasında 30 faizlik rəqəm var idi. Arzu etmirəm ki, bir daha elə rəqəmlərə çataq. Amma hər bir dövlət, milli səhiyyə sistemi və hər bir cəmiyyətin üzvləri ayrı-ayrılıqda ola biləcək bu ehtimalları nəzərə almalı və gələcək planlarını buna uyğun qurmalıdır.

Bayramlarda daha çox ünsiyyət qurur və qucaqlaşırıq. Epidemioloji reallığa zidd gedən hadisənin olması normal və sağlam düşünən cəmiyyətlərdə həyəcan təbili olmalıdır. Arzu edirəm ki, rəqəmlərimiz böyüməsin və Operativ Qərargah qapanma ilə bağlı qərar vermək məcburiyyətində qalmasın. Ən azından cəmiyyətin hər bir üzvü edə biləcəyi tədbirləri günlük həyatında maksimum yerinə yetirməlidir. Ölkədə əlaqələrin kəsilməsinə səbəb olacaq ağır qərarların çıxmaması üçün əlimizdən gələni etməliyik”.

 

Vaksin vurduran insanların koronavirusa yoluxma səbəblərini həkim belə izah edib:

“Vaksinasiya və yoluxduğumuz zaman təbii yolla bədəndə əmələ gələn antikorlar yenidən yoluxduğumuz halda simptomlarımızın ağır keçməməsinə səbəb olur və həyati təhlükə təşkil edən immun reaksiyaların yaranmasının qarşısını alır. Vaksin imkan vermir ki, bədən virusun daha ağır formasına məruz qalsın. Odur ki, belə hallar insanları qorxuya salmasın. Epidemioloji vəziyyət gərgindirsə, cəmiyyət içində yüksək yoluxma nisbəti ilə yayılmağa davam edirsə, orada vaksin olunan və olunmayan hər kəs yoluxa bilər. Dünya vaksinasiyanı birmənalı olaraq ona görə tövsiyə edir ki, virusun cəmiyyətin 2-3 faizində ölümə səbəb olma ehtimalıdır. Virusun yeni ştammında ölüm riskinin daha yüksək olduğu deyilir. Odur ki, xüsusilə risk qrupuna daxil olan insanların təhlükəsizliyini təmin etmək və ölüm hallarını minimuma endirmək üçün vaksin ən effektiv vasitədir.

Koronavirusa yoluxmuş insanların 2-3 ay sonra antikor səviyyəsinə baxırıq. Kifayət qədər antikor varsa, tibbi nöqteyi-nəzərdən vaksin vurdurmağa ehtiyac yoxdur. Amma Almaniyada səhiyyə işçilərində antikor olsa belə, risk qrupuna daxildirsə, virusa yoluxmasından asılı olmayaraq, yenidən peyvəndlənmə tövsiyə edirlər. Dünya təcrübəsində, eləcə də TƏBİB və Səhiyyə Nazirliyinin vermiş olduğu məlumatda koronavirusa yoluxmuş şəxsin təxminən 6 ay və 1 il sonra peyvənd olunması tövsiyə olunur”.

Gununsesi.info