Zəlzələ bölgələrinə ikinci əl geyim və mallar niyə qəbul edilmir? - FOTOLAR

  • By admin
  • 08 Fevral 2023 12:07

AFAD və Qızıl Aypara tərəfindən Türkiyədə baş verən zəlzələdə zərərçəkənlər üçün vətəndaşlardan soyuq hava şəraiti ilə əlaqədar geyim ianələri istənilib. Ancaq Zonguldak Bələdiyyə Başçısı Ömər Səlim Alan və Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınıkın insanlara ikinci əl mallarla bağlı müraciəti sosial şəbəkələrədə böyük müzakirələrə səbəb olub.

Belə ki, Ömər Səlim Alan müraciətində deyib:

“Bizim kömək edənlərdən xüsusi xahişimiz var. Bu, həqiqətən vacibdir. Buradakı dostlarımızın daha koordinasiyalı və daha sürətli işləməsini istəyiriksə, lütfən, ikinci əl paltar gətirməyin. Bundan başqa ərzaq yardımı da qəbul edirik. İkinci əl soba da ola bilər, amma ikinci əl paltar əsla. Çünki işimiz uzanır. Bu, həqiqətən vaxt itkisidir”.

Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık da eyni müraciəti edib.

“Bizə adyal və qızdırıcılar lazımdır. Çadırlar üçün qızdırıcıya ehtiyacımız olacaq. Palto, ayaqqabı, paltar lazımdır. Ancaq ikinci əl deyil, istifadə olunmamış”, – deyə o bildirib.

“Liste List” bu müraciətlə bağlı araşdırma aparıb.

Məlum olub ki, ikinci əl paltarları göndərənlərin hamısı, təəssüf ki, təmiz göndərmir. Belə vəziyyətdə qoturluq, göbələk kimi bəzi xəstəliklər, xüsusilə zəlzələ zamanı yaralanan insanlar üçün problem yarada bilər.

Kanal bununla bağlı görüntülər də yayıb.

“Hətta belə böyük bir fəlakət zamanı bəzi bədxahlar göstərildiyi kimi çirkli paltarlar göndərirlər. Sosial şəbəkələrdəki paylaşımlarda insanların “kömək” adı altında ianələri təəssüf doğurur. İkinci əl paltarlarla məşğul olmaq vaxt apardığından onu qəbul etməmək daha məntiqli görünür”, – deyə kanaldan vurğulanıb.