
Milli Məclisdə İnsan Haqları üzrə Müvəkkilin ( Ombudsman)nın illik hesabatı dinlənilib.
Gununsesi.info xəbər verir ki, millət vəkili Zahid Oruc Elmira Süleymanovanın parlamentə təqdim etdiyi hesabata sərt reaksiya verib. O bildirib ki, insan haqları üzrə müvəkkilin səlahiyyət çərçivəsi hamımıza məlumdur: “İlk dəfədir ki belə şablon, dekorativ bir sənədin bizə təqdim olunduğunun şahidi oldum. Biz problemləri deməsək, bu kursa səmimi xidmət etmiş olmarıq. Prezident Administrasiyasının şöbə müdiri hər il administrasiyaya daxil olunmuş məktubları təhlil edir. O məktublarda ünvanlar göstərilib. O qədər konyukturaçılıq olmaq olmaz ki, bu cür tərif dolu sənəd ortalığa gətirək.
Bu yaxınlarda DTX rəhbəri Mədət Quliyev açıqladı ki, Azərbaycandan 900 nəfər Suriya, İraqda döyüşə gedib. Biz 2014 – cü ildə qərar verdik ki, onları vətəndaşlıqdan məhrum edək. Biz isə 900 nəfəri itirmişik. 84 nəfərə cinayət işi qaldırılıb. Nədir səbəb ki orada gedib bu insanlar vuruşurlar?
Bu sənəddə kredit borclarına görə evini itirən, məhkəmələrə düşən insanların davasını görmədim. Devalvasiya qərarı on minlərlə insanı məhkəmədə qoyub. İndi biz bunu deməyək?
Narkotika tranziti hamıya məlumdur, hardan gəldiyini bilirik. Polis orqanları bunun qarşısını almasaydı, yoxsa ağ ölüm bu milləti basıb yemişdi. Narkotika cəmiyyət üçün erməni təhlükəsinə bərabərdir. Adamlara ailə üzvlərini hardasa girov qoyub gedib ölkəyə narkotika gətirirlər”.
Gununsesi.info












