Zahid Orucla bağlı töhmət qərarı şifahi olub

  • By admin
  • 29 İyun 2016 21:35

1450432414_zahidoqtayDünən Milli Məclisin İntizam Komissiyasında parlamentin son iclasında spikerlə Zahid Oruc arasnda yaranan mübahisəyə hüquqi qiymət verildiyi haqda yazmışdıq. Deputatların bir neçə saat ərzində qərar qəbul etmək üçün müxtəlif təkliflər irəli sürdüklərini, məsələni sərtləşdirmədən yoluna qoymağa çalışdıqlarını Məclisin Aparatından əldə etdiyimiz məlumatlarla dəqiqləşdirə bilmişik. Xəbərdə deyilir ki, millət vəkili Zahid Orucun hüquqi-siyasi cəhətdən əsaslandırılmış çıxışından sonra səsvermə keçirilməsi təklif olunsa da, bir neçə deputat məsələnin daha uzlaşılmış formada həllini vacib sayaraq yenidən parlamentin sədri ilə müzakirəni məqsədəuyğun hesab ediblər. Məsələ ilə bağlı sorğumuza cavab vermək üçün Komissiyanın iclasında iştirak edən millət vəkili Fazil Mustafa bu haqda ətraflı danışmaq istəməsə də, spikerin bir neçə həmkarının belə bir təşəbbüsünə qarşı yüksək anlayış göstərdiyi barədə məlumatın doğru olduğunu qeyd etdi. Bundan sonra şifahi qərarla məsələni yekunlaşdirmağa razı olan Komissiya üzvləri mübahisəni daha da gərginləşdirmədən həll etməyə üstünlük veriblər. Fazil Mustafa həmkarı Zahid Orucu həmişə dövlət və cəmiyyət maraqlarını müdafiə edən dəyərli və intellektual siyasətçi kimi tanıdığını bildirib. Dünənki iclasla bağlı Zahid Orucun özü ilə əlaqə qurmaq cəhdlərimiz təəssüf ki, baş tutmadı.