Avropa İnsan Hüquqları Məhkəməsi NİDA-çıların şikayətini icraata götürüb

  • By admin
  • 22 İyun 2017 12:25

abropa mehkeme

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdəki NİDA üzvləri Qiyas İbrahimov və Bayram Məmmədovun şikayətini icraata götürüb. 

Gununsesi.info-nun xəbərinə görə, bu haqda  məhkəmənin məlumatında bildirilir.

İcraata qəbul edilmiş şikayət gənc fəalların mənzillərində axtarış aparılması və qanunsuz götürmə hərəkəti ilə bağlıdır.

Qiyas İbrahimov və Bayram Məmmədovun vəkilləri onların mənzillərində axtarışın və götürmənin qanunsuz sayılması tələbi ilə ölkə daxilində məhkəməyə şikayət vermişdilər. Ancaq onların şikayətləri rədd edilmişdi.

 AİHM-ə göndərilən şikayətdə iddia olunur ki, yerli məhkəmələrin axtarış, götürmə ilə bağlı qərarları gənc fəalların Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyata hörmət) və 10-cu (ifadə azadlığı) maddəsində nəzərdə tutulan hüquqlarını pozub.

Məhkəmədən həmin maddələrin pozuntusunun tanınması, bunun kompensasiya edilməsi istənilir.

Qeyd edək ki, NİDA üzvləri B.Məmmədov  və  Q.İbrahimli ilə birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimlidən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Gülnaz Qənbərli

Gununsesi.info