Bələdiyyələrdə işə qəbul qaydaları sərtləşdirilir

  • By admin
  • 30 May 2017 10:02

belediyye

Beynəlxalq təşəbbüs qrupu olan Açıq Hökumət Təşəbbüsünün (AHT) Azərbaycan hökumətinə əsas tövsiyyələrindən biri yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin genişləndirilməsidir. Azərbaycan hökuməti AHT-nin təklifləri əsasında hazırladığı Milli Fəaliyyət Planında bələdiyyələrlə bağlı xüsusi bəndlər salıb.

Gununsesi.info xəbər verir ki, bunlardan biri bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsidir. Digər maddə isə bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə məlumatlandırılması və peşəkarlığın artırılmasıdır.

Həmin bəndlərə əsasən, hökumət bələdiyyə qulluğuna qəbul qaydaları, müsabiqə komissiyalarının tərkibi, mövcud vakansiyalar və qəbulla bağlı nəticələrin internetdə yerləşdirilməsi, bələdiyyə üzvlərinin  etik davranış qaydalarının hazırlanması və qəbul edilməsi nəzərdə tutulub. Artıq hər iki istiqamətdə qanunvericilik layihələri hazırlanaraq  Milli Məclisə göndərilib.

Lakin ekspertlər hesab edir ki, bələdiyyələrin zəif icra strukturu ilə qulluqçuların işə qəbulunun  sərtləşdirilməsi absurd görünür. Bəzi kənd bələdiyyələrində komissiyaların sayı qulluqçuların sayından daha çoxdur. Bu o deməkdir ki, həmin komissiyalar yalnız kağız üzərində fəaliyyət göstərir. Bu səbəbdən ekspertlərə görə, öncə yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri genişlənməli,  alternativ gəlir mənbələri formalaşmalı, şəxsi təsərrüfat mexanizmi işə düşməlidir. Yalnız bu halda bələdiyyələrin oturuşmuş icra strukturlarından danışmaq  və işə qəbul qaydalarını sərtləşdirmək olar.

İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul da bildirir ki,  yerli özünüidarəetmə orqanlarının başlıça problemlərindən biri maliyyə çatışmazlığıdır. Onun sözlərinə görə, normal səlahiyyətlərə malik olmayan, heç bir layihə həyata keçirmək iqtidarında olmayan qurumlardan oturuşmuş icra strukturları tələb etmək düzgün deyil: “Bələdiyyələrin icra strukturu bələdiyyə sədrinin yaratdığı, aparata daxil olan sturkturlardır. İcra strukturlarının  tam formalaşmamasının səbəbi maliyyə təminatlılığının aşağı səviyyədə olmasıdır. Əgər maliyyə təminatı aşağı səviyyədədirsə, hansısa layihələri icra edə bilmirlərsə, regional layihələr mərkəzləşdirilmiş şəkildə həyata keçirilirsə, büdcədən yerli regional layihələrin icrası ilə bağlı bələdiyyələrə istənilən qədər vəsait ayrılmırsa və onlar bu tip işlərdən kənar qalırsa, o zaman təkmil bir struktur yaransa belə işləməyəcək.

İcra strukturları bələdiyyələrin təlabatından doğan bir strukturlar olmalıdır. Ona görə də, hal-hazırda bələdiyyənin heç bir fəaliyyəti yoxdur.  Heç yerli xidmətlərin göstərilməsinə də cəlb olunmurlar.  Mövcud olan komissiyalar və şöbələr isə formal, kağız üzərində olan qurumlardır, həmin strukturlar, əslində, işlək strukturlar deyil”.

Q.Toğrul deyir ki, struktur ona görə yaranır ki, hansısa bir işi həyata keçirsin: “Bələdiyyələrin isə bu gün yalnız adı var. Faktiki olaraq, heç bir iş görmürlər. Bələdiyyələrin maliyyə təminatı məsələləri həll olunmalıdır. Yerlərdə vergilərin ödənilməsi onların büdcəsinə yönəldilməlidir. Həmin büdcənin bir hissə isə bələdiyyə xərclərində istifadə edilməlidir. Bu gün bələdiyyələrin görəcəyi heç bir iş yoxdur”.

Ekspertin fikrincə, qanunvericilikdə dəyişikliklər faktiki olaraq kağız üzərində qalacaq: “Bələdiyyə sədri aparatı formalaşdıranda strukturlar yaratmaq səlahiyyəti var. Yerliözünüidarəetmə orqanlarının yığıncaqlarında qəbul edilən qərarların qanunvericiliyə uyğunluğu  yoxlanılması üçün onu Ədliyyə Nazirliyinə göndərilir.

Açıq Hökumət Təşəbbüsü Azərbaycan hökumətinə “Bələdiyyələrin etik davranışları”nın hazırlanmasını tövsiyyə edir. Hazırda bu layihə Milli Məclisdədir. Düşünürəm ki, buna hər hansı bir ehtiyac yoxdur.

Bundan əlavə bələdiyyə qulluqçularının işə götürülməsi ilə bağlı qaydalar müəyyənləşdiriblər. Yeni qaydalara görə, qulluqçuların işə götürülməsi ilə əlaqədar komissiya yaradılmalı, vakansiyalarla  bağlı müsabiqə elan edilməlidir. Bələdiyyələrdə iş var ki, yığıncağın qərarı ilə komissiya yaradılıb, uzun prosedurlarla vakansiya da elan edilsin?”.

Vüsalə Rüstəmova

Gununsesi.info