“Sara Tağıyevanı sovetlərdə qapılara saldılar, bizi isə…” - BAKI MİLYONÇUSUNUN NƏTİCƏSİ GUNUNSESİ.İNFO-YA DANIŞDI

  • By admin
  • 20 Fevral 2017 15:41

 

HACİAGA

1996-cı ildən hökümətə müraciət edirik, babalarımızın adının bərpa edilməsinə çalışırıq, amma qarşı tərəfdən səs yoxdur. 20 ildir ki, bizim müraciətimiz sanki daşa dəyib üzümüzə qayıdır. Bunu Bakı milyonçusu Hacı Hacağa Dadaşovun nəticəsi Kəmalə Dadaşova Gununsəsi.info-ya bildirib. Onun müraciətindən bəzi məqamları diqqətinizə çatdıraq, sonra Hacı Hacağanın kim olduğunu oxucuların yadına salarıq. Kəmalə Dadaşova yazır:

“Bakını bir neçə ildir ki, tərk etmişik. İllərdir Belçikada, özgə qoltuğunda yaşayırıq. Səbəbi öz vətənimdə özgə münasibətdir. Məktub yazmadığım instansiya qalmayıb. Hamı ötür-ötür oyunu oynayır. Belçikaya köçənə qədər tək mənəvi cəhətdən tükənmədik, həm də maddi cəhətdən vəziyyətimiz pisləşdi. Az qala dilənmək halındaydıq ki, yaxşı insanların sayəsində qarşımızda bir qapı açıldı. Burda incikliyimiz keçdi. Çünki…qəribçilik adamı vətənə bir az da bağlı edirmiş. Anam-Hacı Hacağanın oğlan nəvəsi Ofeliya Dadaşova Belçikaya köçən gündən bütün ictimai-siyasi tədbirlərin önündədir. Heç kim bilmir ki, bu siması gözəl xanımın köynəyinin altında necə dərin yaralar, tikişlər var! Belçikada yaşayan türklər bizə parabaz kimi baxır, çünki özümüzü məhz belə tanıtmışıq. Təsəvvür edin, ermənilərin əleyhinə bir etiraz aksiyası olanda səfirlik 5 adamı zorla bir araya gətirir, onu da stol açmaq, yeyib –içmək gücünə. Amma mənim anamın bu cür tədbirlərə birbaşa xəstəxanadan qatıldığı vaxtlar olub. Məsələn, aprel döyüşlərində burda təşkil edilən mitinqə Ofeliya Dadaşova əlil arabasında gəlmişdi. Onun həm parlamentin, həm Ermənistan səfirliyinin qarşısındakı çıxışlarını TRT, Avropanın digər kanalları çəkib. Əlbəttə, bu onun vətəndaşlıq borcudur, başqa cür ola da bilməzdi. Amma bir məsələ də var. Gərək dövlət də vətəndaşı özündən incik salmasın.

kama

2007-ci ildə 75 ziyalının imzasıyla göndərdiyimiz müraciətə hələ də baxılmayıb. O ziyalıların çoxu dünyasını dəyişib, məsələn, yazıçı Qılman İlkin,xanəndə Ağaxan Abdullayev, aktyor Telman Adıgözəlov və başqaları. Bəlkə də rəhmətlik Qılman İlkinin ürəyinə dammışdı ki, o dünyadan köçənə qədər bu müraciətə baxıılmayacaq. Deyirdi ki, qızım, nə vaxt baxılsa, gəl qəbrimin üstünə mənə xəbər elə. İndi onun yanında da üzüqarayam, anam Ofeliya xanımın da. Hansı ki, artıq vəziyyəti hər gün bir az daha pisləşir. Bir böyrəyini çıxarıblar, bir böyrəyinin ümidinə yaşayır. O da son vaxtlar onu ciddi narahat edir. Bura köçəli anam düz 12 dəfə əməliyyat olunub. Qərib ölkədə, üstəgəl o ölkə Avropa ölkəsidirsə, görün biz xəstəxanaya düşəndə hansı əziyyətləri çəkirik? Zamanında mənim babam Azərbaycanda ilk dəfə olaraq indiki Qocalar Evini tikdirib. Soyuq havada küçədə qalan bir ixtiyara görə. İndi onun nəvə-nəticələrinin özü küçədə qalıb və onlara sahib çıxan yoxdur. Yayda mən Bakıya ancaq məmurların qəbuluna düşmək üçün gəlirəm, istirahətə yox. Prezident Aparatı Mədəniyyət Nazirliyinə yazır, Mədəniyyət Nazirliyi AMEA-ya. AMEA Nazirlər kabinetinə, o təkrar Prezident Aparatına və s.. Mən daha kimlərin qəbulunda olmamışam? Baxıram, hamı sosial şəbəkədə, mətbuatda Sara xanım Tağıyevanın halına ağlayır. Düzdür, Sara xanım da çox əziyyətlər çəkib, onu sovet illərində qapı-qapı salıblar. Amma biz müstəqillik illərində qapılar gəzirik. Tağıyevin qızını zamanında incitsələr də, o sonradan haqqını aldı. Ağamusa Nağıyevə yaxından-uzaqdan dəxli olmayan qohumu da həmçinin. Bəs biz? Bəs mənim anam? O, ot olub yerdən çıxmayıb ki! Bu nəsildən rəsmən 6 xeyriyyəçi, millətini sevən ziyalı çıxıb. Ofeliya xanım da axı o nəslin yadigarıdır. Biz də istəyirik ki, o kişilərin adına Bakıda bir küçə olsun, tikdirdikləri bir binaya xatirə lövhəsi vurulsun, onun nəvəsinə dövlət qayğısını hiss edək. Bu gün səhnəyə çıxıb sabah xalq artisti adını alan müğənnilərə ev verənlər Azərbaycana bu qədər bina qoyub gedən Hacı Hacağanın nəvəsi haqqında da fikirləşsələr nə olar? Mənim anamın aldığı təqaüd yayda bir bağ evi kirayələməyə belə çatmır. Nə edək? Gedib Avropa Parlamentinin qabağında oturaq, aclıq edib diqqəti Azərbaycana çəkək? CNN, BBC belə bir şey gəzir ki, ölkənin adı batsın. Özümüzü biabır eləmək heç vaxt ağlımızdan keçməyib. Amma hər şey buna doğru gedir. Mərdi qova-qova namərd edirlər!”.

Xatırladaq ki, Hacı Hacağa Dadaşov 1876-cı ildə birinci gildiya taciri adını alan 4 azərbaycanlıdan biridir. Məsələn, Hacı Zeynalabdin Tağıyev yalnız 1882-ci ildə birinci gildiya taciri ola bilib. Nə demək idi birinci gildiya taciri olmaq? Birinci gildiyanın tacirləri Rusiya və başqa dövlətlərin mallarını Çar Rusiyasının hər yerində sata, kontor, anbar aça bilərdilər. İkinci gildiyanın tacirlərinə bu hüquq verilmirdi. Hacı Hacağa və qardaşı Şıxəli Dadaşovların isə bu hüquqdan başqa həm də Şərqdə Zığ burnundan başlayıb, qərbdə Şıx burnuna qədər uzanan 24 km-lik ərazidə onlarla gəmi tərsanəsi və gəmi təmir zavodları vardı. Gəmilərin sayına gəlincə, hətta ən böyük neft inhisarçısı olan Nobellər bu məsələdə Dadaşovlara uduzurdular. Eyni zamanda Dadaşovlar bir yenilikçi idilər. Məsələn, 1897-ci ildə ilk dəfə olaraq Xəzər dənizinə ikidorlu gəmi suya buraxılıb ki, o gəminin də sahibi Hacağa Dadaşov idi. Dadaşovlar Rusiya İmperiyasının nəsillikcə fəxri vətəndaşlığı rütbəsini qazanmışdılar. 1905-ci ildə Bakıda adına Babıy bunt-qadınların üsyanı deyilən üsyanın yatırılmasında Hacı Hacağanın mühüm rolu olub. O küçəyə çömçə-qazanla çıxan qadınlara qarşı kazakların silah işlətməsinin qarşısını alıb. Öz anbarlarının qapısını isə deyilənlərə görə ac adamların üzünə açıb, onlara yemək, ərzaq veribmiş.

go

Dadaşovların Sahil küçəsində çoxlu binaları və karvansaraları olub. İndiki Nizami Muzeyi-köhnə Metropol mehmanxanası da o Kişinin idi.

İndi onun nəvələrinin istədiyi bu obyektlər deyil. Onlar Dadaşovların adının əbədiləşdirilməsini, heç olmasa doğum günündə, yəni ildə bir dəfə dövlət səviyyəsində anılmasını istəyirlər.

Mail Ağaxanov

Gununsesi.info