Müdafiə Nazirliyi Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin əsir düşməsi ilə bağlı sorğuya növbəti dəfə aydınlıq gətirib.
Gununsesi.info xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Trend-ə açıqlamasında bildirib ki, erməni tərəfi guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində təxribat törətməsi və hərbi qulluqçusu Elnur Hüseynzadənin əsir düşməsi barədə yaydığı yalan məlumatdan şou düzəltmək niyyətindədir. Böyük ehtimalla ermənilər E.Hüseynzadənin hərbçi olduğunu nümayiş etdirmək üçün onun əsir düşdüyü zaman guya hərbi geyimdə, hətta silahlı olmasını belə əks etdirən foto və video materialların yayılmasını təşkil edə bilər: “Onu da qeyd edək ki, hərbi geyim formasını müxtəlif xüsusiləşdirilmiş ticarət obyektlərindən də əldə etmək mümkündür. Müdafiə Nazirliyi erməni təbliğat maşının uydurmalarına inanmamağa çağırır və bir daha bildirir ki, E.Hüseynzadə bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil”.
V.Dərgahlı bildirib ki, əsir düşən E.Hüseynzadə bir müddət əvvəl həqiqi hərbi xidmətini başa vurub. Lakin o yenidən müddətdən artıq hərbi xidmət edən hərbçi kimi xidmətini davam etdirib. Amma mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.
Gununsesi.info