Ədliyyə Nazirliyi Azərbaycanı Avropa Məhkəməsi ilə üz-üzə qoyub - 25 QHT-NİN İŞİ İLƏ BAĞLI KOMMUNİKASİYA BAŞLADI

  • By admin
  • 02 Noyabr 2016 16:12

 

avropamehkemesi

Avropa Məhkəməsi birləşmək azadlığının pozuntusu ilə bağlı Azərbaycandan göndərilən 25 QHT-nin işi ilə bağlı kommunikasiyalara start verib.  

Gununsesi.info bildirir ki, bu barədə “Turan”a hüquqşünas İntiqam Əliyev məlumat verib.

Avropa Məhkəməsi Hökumətə onun qarşısında qoyduğu suallar ətrafında mülahizələrini təqdim etmək üçün 2017-ci ilin fevralın 6-na qədər vaxt verib.

21 iş üzrə şikayətçiləri İntiqam Əliyev, 2-si üzrə Yaşar Ağazadə, 1-i üzrə Azər Nağıyev, 1 iş üzrə isə Fariz Namazlı təmsil edir. Şikayətlərdə əsasən İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək azadlığı hüququ) maddələrinin pozuntusu qoyulur.
İ.Əliyevin apardığı işlərdə isə bu maddələrdən əlavə Konvensiyanın 34-cü maddəsinin pozuntusu da qaldırılır. Bu hissədə İ.Əliyevin həbsi zamanı onun evindən və ofisindən cinayət işi ilə bağlılığı olmayan məhkəmə sənədlərinin götürülməsi şikayətçilərin fərdi şikayət hüququnu həyata keçirmələrinə əsassız mane kimi qaldırılır.

Şikayətçilər arasında Mehman Əliyev, Mətanət Əzizova, Elçin Abdullayev, Rövşən Mahmudov, Azad İsazadə, Mehriban Vəzir, Xalid Kazımov, Samir İsmayılov və digər tanınmış simalar var.

Bu işlərdə şikayətçilər təsisçisi olduqları QHT-lərin Ədliyyə Nazirliyi tərəfindən təsis sənədlərində çatışmazlıq olması əsası ilə qanunsuz olaraq dəfələrlə geri qaytarılmasını, bu pozuntularla bağlı verdiyi şikayətlər üzrə ədalətli araşdırılmadığını iddia edirlər.

Avropa Məhkəməsi Azərbaycana qarşı birləşmək hüququnun pozuntusu ilə bağlı 6 qərar verib. Qərarlardan 4-ü QHT-lərin qeydiyyatınndan imtina, ikisi isə QHT-lərin ləğvi ilə bağlıdır. Qeydiyyatından imtina olan işlər arasında ölkənin nüfuzlu hüquqşünaslarının (Ənnağı Hacıbəyli, Əyyub Kərimov, Vidadi Mirkamal, Namizəd Səfərov, Əlövsət Əliyev, Rəşid Hacılı və b.) təsisçisi olduğu Azərbaycan Hüquqşünasları Forumunun işi də var.

Bu il birləşmək hüququnun pozuntusu ilə bağlı daha 10-a yaxın şikayət üzrə kommunikasiya ya başa çatıb, ya da başa çatmaq üzrədir. Bu işlərin arasında keçmiş siyasi məhbuslar Anar Məmmədlinin və Bəşir Süleymanlının təsisçisi olduğu iki təşkilatla bağlı 2008-ci ilin prezident seçkiləri ərəfəsində qeydiyyatı ləğv edilmiş Seçkilərin Monitorinqi Mərkəzi və qeydiyyatından imtina olunmuş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin işləri də var.

Nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan birləşmək azadlığının ən çox pozulduğu ölkələrin siyahısındadır.