“Əgər müxalifət vahid namizədlə çıxış edərsə, onu dəstəkləyəcəyik” - SƏRDAR CƏLALOĞLU

  • By admin
  • 08 Yanvar 2018 15:12

Oktyabr ayında Azərbaycanda prezident seçkiləri keçirilsə də, seçkiyə hazırlıq prosesi cəmiyyətdə, eləcə də siyasi partiyalarda da hiss olunmur. Hakim Yeni Azərbaycan Partiyası öz namizədi ilə seçkiyə hazır olduğunu bəyan etsə də, digər partiyalarda, xüsusən də özlərini cəmiyyətin aparıcı təsiredici gücü hesab edən siyasi təşkilatlarda hazırlıq söz-söhbətdən uzağa getmədiyindən demək olar ki, sıfır səviyyəsindədir.

Müxalifətin və siyasi qüvvələrin seçkiyə belə biganə  mövqeyi və passiv yanaşmasının səbəblərinə aydınlıq gətirmək üçün ADP sədri Sərdar Cəlaloğluna müraciət etdik.

Gununsesi.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu siyasi partiyaların seçkiyə hazırlaşmamasının iki əsas səbəbinin olduğunu deyib: “Artıq Azərbaycanda siyasi qüvvələrin seçkilərdə iştirakı ilə bağlı iki mövqe formalaşıb və buna görə də seçkiyə gec qatılmağa üstünlük verirlər. Birincisi, hakimiyyətlə danışıqlar aparmaqla, ikincisi isə inqilab yolu ilə hakimiyyətə gəlmək niyyəti. Birinci variant ondan ibarətdir ki, bəzi qüvvələr hakimiyyətlə danışıqlara gedib, hakimiyyətdə və onun hansısa qolunda təmsil olunmaq hüququ əldə etməklə, hansı ki, biz bunu “oyun oynayıqlar” kimi dəyərləndiririk. İkinci mövqe sahibləri isə  hakimiyyətə inqilab yolu ilə gəlməyə üstünlük verirlər. Bax, bu iki səbəbdən müxalifət və siyasi qüvvələr gözləmə yolunu seçərək klassik seçkiyə uyğun davranış nümayiş etdirirlər”.

S.Cəlaloğlu hesab edir ki, müxalifətin uzun illərdəki uğursuzluğu onlarda bir nailiyyətsizlik sindromu yaradıb: “Çünki siyasi qüvvələr seçkidən öncə bir araya gəlir və uğrusuzluğa görə isə bir-birini ittiham edir. Nəticədə parçalanma yaranır. Digər səbəb isə şəxsiyyət kultu yaradılmasına cəhd edilir. Bu da nəticədə demokratiyadan uzaqlaşma meylləri yaradır. Demokratiyadan uzaqlaşma isə seçkiyə olan marağı azaldır”.

ADP-nin seçkidə iştirakına gəldikdə isə S.Cəlaloğlu deyib ki, idealist adam olduğundan ümumiyyətlə hakimiyyətin dəyişməsində maraqlıdır, nəinki özünün hakimiyyətə gəlməsində: “Ona görə də, özümün  hakimiyyətə gəlişim hər zaman ikinci planda olub. O baxımdan biz seçkidə iştirak edəcəyik. ADP olaraq seçkiöncəsi yaranmış bütün vəziyyəti dəyərləndirərək addım atacağıq. Birincisi, əgər müxalifət vahid mövqedən və vahid namizədlə çıxış edəcəksə, onu dəstəkləyəcəyik. İkincisi, müxalifətin vahid namizədi olmazsa, o zaman siyasi qüvvələrin hansısa qrupunun namizədini dəstəkləməyə üstünlük verə bilərik. Üçüncüsü, bu da olmazsa, ADP öz namizədi ilə iştirak edəcək. Bu da mümkün olmayacağı təqdirdə, ümumiyyətlə seçki prosesinin özündə müşahidəçi, nəzarətçi kimi və yaxud maarifləndirmə prosesində iştirak edəcəyik”.

Mürtəza

Gununsesi.info