Əli İnsanovun həbsindən 13 il ötdü - SABİQ NAZİR CİDDİ REJİMLİ MÜƏSSİSƏDƏDİR

  • By admin
  • 19 Oktyabr 2018 16:24

Ötən il sabiq nazin həbs müddəti 2023-cü ilə qədər artırılıb

13 il əvvəl, 2005-ci il oktyabrın 19-da o dövrdə səhiyyə naziri postunu tutan Əli İnsanov həbs olunub. Dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Əli İnsanova sonradan iqtisadi sahədə cinayətkarlıqla əlaqəli ittiham irəli sürülüb. O dövrdə nazirlər Əli İnsanovun, Fərhad Əliyevin həbsini Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyi gerçəkləşdirmişdi. Həbslərindən sonra Əli İnsanov da, Fərhad Əliyev də saxta əsaslarla tutulduqlarını bəyan etmişdilər.

2007-ci ilin aprel ayında məhkəmə Əli İnsanovun əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunması haqda hökm çıxardı. Məhkəməsində Əli İnsanov bir daha irəli sürülən ittihamlarla razılaşmadığını, onların heç birini qəbul etmədiyini bəyan edib. 2013-cü ilin martında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Əli İnsanovun işi üzrə qərarı açıqlayıb. Məhkəmə İnsanovun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması) və 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ) hüquqlarının pozulduğunu təsdiq edib və ona 10 min avro təzminat ödənilməsi barədə qərar çıxarıb.  Lakin Avropa Məhkəməsinin qərarı Əli İnsanovun azad edilməsi üçün yetərli olmayıb.

2016-cı il avqustun 24-də Qaradağ Rayon Prokurorluğu Əli İnsanova Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) , 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə ) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə yeni ittiham elan edilib. Həmin gün sabiq nazirin təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Yeni cinayət işinin istintaqı ilə əlaqədar Əli İnsanov 13 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Qaradağ Rayon Məhkəməsi 2016-cı il oktyabrın 11-də Əli İnsanov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib, sonradan bu müddət bir neçə dəfə uzadılıb. İttihama görə, o, 2016-cı il avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib. Bəyan olunub ki, avqustun 23-də 13 saylı cəzaçəkmə müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.

2017-ci il aprelin 26-da hakim Rəşad Mustafayevin sədrliyi ilə Qaradağ Rayon Məhkəməsində bu ittihamlar üzrə proses yekunlaşıb. Əli İnsanov növbəti dəfə 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Beləliklə, 2005-ci ildə həbsə alınmış sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb. Əli İnsanov ittihamları qəbul etmir, bunu siyasi sifariş sayır. 72 yaşlı Əli İnsanov tibb elmləri doktorudur, 1993-2005-ci illərdə səhiyyə naziri postunu tutub.

musavat.com