20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı Ombudsmanın təşkil etdiyi silsilə tədbirlər davam edir

  • By admin
  • 19 Yanvar 2018 18:28

Hər il olduğu kimi, bu il də qanlı 20 Yanvar hadisələrinin ölkəmizdə anılması və bu hadisənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla təsdiq edilmiş “20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” icra olunur.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən bu faciənin ildönümü ilə bağlı Ombudsman Aparatında, Regional Mərkəzlərdə, ictimai təşkilatlarda və təhsil ocaqlarında təşkil etdiyi silsilə tədbirlər paytaxt və regionlarda davam etdirilir.

Aparatda keçirilən anım tədbirində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Ombudsmanın 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bəyanatı diqqətə çatdırılıb.

Müvəkkil o dövrdə bu qanlı hadisələrlə bağlı Azərbaycan xalqı adından Ulu öndər Heydər Əliyevin sərt bəyanat verərək 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdiyini vurğulayıb. O, Prezident Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin xüsusi sessiyasının keçirildiyini və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verildiyini, 20 Yanvar tarixinin respublikamızda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunduğunu bildirib.

Habelə, Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən həmin şəhərdəki Gənclər Evində, Cəlilabad Regional Mərkəzi tərəfindən Lənkəran rayonu Girdəni bələdiyyəsində, Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli Uşaq evində, Cəlilabad şəhər 4 və 8 saylı tam orta məktəblərdə, habelə Quba Regional Mərkəzi tərəfindən Xaçmaz şəhərində yerləşən Heydər Əliyev adına ideoloji mərkəzdə, Qusar şəhər Gənclər Evində və Quba şəhər 4 saylı orta məktəbdə, Şəki Regional Mərkəzi tərəfindən isə Qəbələ rayonunun Xırxatala və Şəki rayonunun Aydınbulaq kəndlərində silsilə tədbirlər keçirilib.

Bu tədbirlərdə yerli icra hakimiyyəti orqanlarının, digər dövlət qurumlarının məsul əməkdaşları, bələdiyyə üzvləri, geniş ictimaiyyətin, QHT-lərin, icmaların və KİV-lərin nümayəndələri, təhsil sahəsində çalışan şəxslər, müəllimlər, fəal gənclər, tələbələr və şagirdlər iştirak ediblər.

Ombudsmanın regional mərkəzlərinin rəhbərləri çıxış edərək həmin faciə barədə məlumat veriblər. Bildirilibi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə dinc əhalini atəşə məruz qoymuşlar. Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilibdir.

Eyni zamanda, Ombudsmanın uşaq hüquqlarının resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində və Ombudsmanın Ahılların Resurs Mərkəzində də faciə ilə bağlı tədbirlər keçirilmiş, həmin tədbirlərdə təsisatın əməkdaşları, “20 Yanvar” cəmiyyətinin sədr müavini, ehtiyatda olan hərbi qulluqçu Mustafa Əliyev, habelə şəhid ailələrini təmsil edən Şövkət Xanməmmədova, Muhəstə Həsənova və digər qonaqlar çıxış edərək məlumat veriblər.

Qanlı faciə ilə bağlı keçirilən bütün tədbirlərdə qeyd olunmuşdur ki, faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verilmiş, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir.

Həmin tədbirlər zamanı Müvəkkil E.Süleymanovanın faciənin 28-ci ildönümü ilə əlaqədar BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına Bəyanatının göndərildiyi diqqətə çatdırılıb.

Bəyanatda dinc əhalinin qırılmasına səbəb olan bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, həmin qanlı hadisənin Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanlıq əleyhinə cinayət olduğu qeyd edilib. Həmçinin, bəyanatda həmin qətliamın icrasına əmr verənlərin və törədənlərin, ən əvvəl isə o vaxtki sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsasların mövcud olduğu və cinayətkarların layiqincə cəzalandırılmasının zəruriliyi vurğulanıb.

Silsilə tədbirlərdə iştirakçılar qeyd ediblər ki, 20 Yanvar 1990-cı ildə baş vermiş hadisə xalqımızın qan yaddaşına faciə kimi yazılmaqla yanaşı milli qürur mənbəyinə çevrilmiş, azərbaycanlıların azadlıq və müstəqillik uğrunda hər cür fədakarlığa qadir olduqları bir daha təsdiqlənib.

Gülnaz Qənbərli

Gununsesi.info