“Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir” (c) Maksim Qorki
Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. Xalqımız da hər zaman öz qəhrəmanları ilə fəxr edib.
Güclərini həmişə döyüş meydanlarında göstərən, xalqının tarixini yaradan da məhz elə qəhrəmanlardır.
2024-cü il dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsinin pilotları – ekipaj komandiri İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva da bu gün artıq xalqın qəhrəmanları sırasındadır.
Öz canları bahasına 29 nəfərin həyatını xilas edən bu qəhrəmanlarla xalq həmişə fəxr edəcək, onların adlarını və qəhrəmanlıqlarını hörmətlə gələcək nəsillərə örnək göstərəcək. Gələcəkdə yeni doğulan körpələrə də elə o qəhrəmanların adı veriləcək. Bütün bunlara heç bir şübhə yoxdur!
Təyyarə qəzasında canından keçən qəhrəmanlarımızın şücaəti nəinki Azərbaycanın, bütün dünya manşetlərinin əsas gündəminə çevrildi, onların yüksək peşəkarlığı elə həm də peşəkarlar tərəfindən müzakirə edildi.
Mütəxəssislər hesab edirlər ki, pilotlar zərbə almış təyyarəni böyük məharətlə idarə edərək daha az itki olmasına çalışıblar.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Dövlət başçısının müvafiq Sərəncamı ilə dekabrın 26-da Azərbaycanda matəm günü elan edildi, insanlar bu ağır itkinin ağrısını bölüşərək, həlak olan qəhrəmanları və vətəndaşları ehtiramla yad etdi.
Həlak olanlar II Fəxri Xiyabanda dəfn edildilər. İctimai şəkildə keçirilən dəfn mərasimində hökumət nümayəndələri, tanınmış şəxslər və çox sayda vətəndaş iştirak edib. Onların qəhrəmanlığı bir daha Azərbaycan xalqının milli dəyərlərə bağlılığını, fədakarlığını yüksək qiymətləndirmə ənənəsini nümayiş etdirdi.
Daha sonra Prezident İlham Əliyev AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı həlak olan ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra), Əliyeva Hökumə Cəlil qızına (ölümündən sonra) Azərbaycan Milli Qəhrəmanı adı verilib.
Qəhrəmanlarımız qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təltif edildilər.
Bununla yanaşı, ölkə başçısı qəza zamanı sağ qalan ekipaj üzvlərindən Zülfüqar Əsədovu və Aydan Rəhimlini 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.
Ona qeyd edək ki, Aydan Rəhimli Azərbaycanda “Rəşadət” ordeni ilə təltif edilən ilk qadındır.
Onu da qeyd etmək yerinə düşər ki, Milli Qəhrəman adı verilən stüardessa Hökumə Əliyeva, Azərbaycanın Milli Qəhrəmanı adı almış üçüncü qadınıdır. Buna qədər isə şəhid jurnalist Salatın Əsgərova, şəhid hərbi tibb qulluqçusu, baş leytenant Gültəkin Əsgərova da bu fəxri ada layiq görülüb.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb, pilotların və bütün ekipaj üzvlərinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib.
Prezident həlak olan ekipaj heyətinin ailə üzvlərinə başsağlığı verərək, bu araşdırmanı sonadək başa çatdıracağına əmin edib.
“Pilotların və bütün ekipaj üzvlərinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Əgər pilotlar peşəkarlıq, qəhrəmanlıq göstərməsəydilər, bu qəzada sağ qalan olmazdı. Mən hələ ki, cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik.
Əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi.
“Qara qutu”ların Braziliyaya göndərilməsi də ondan xəbər verir ki, biz obyektivlik tələb edirik. Mən artıq bu barədə ekipajla vida mərasimindən sonra da demişəm. Əgər biz ilk dəqiqələrdən və ya saatlardan Rusiya Federasiyası rəsmi dairələri tərəfindən bu faciəni obyektiv araşdırmaq cəhdini görsəydik, onda çox güman ki, “qara qutu”ların Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən açılmasının həyata keçirilməsinə razılıq verərdik. Biz onilliklər ərzində bu struktur ilə əməkdaşlıq etmişik və fəal əməkdaşlığımız olub.
Bu struktur əsasən keçmiş SSRİ məkanında təyyarə qəzalarının təhqiqatı ilə məşğul olub. Amma biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı. Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesi gedir. Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq.
Mən həlak olanların ailə üzvlərini, eləcə də ekipaj üzvlərini bu yüksək mükafatları şəxsən sizə təqdim etmək, sizə bir daha başsağlığı vermək və Azərbaycan dövlətinin hər zaman sizinlə olacağını bəyan etmək üçün dəvət etdim. Mən sizə müraciət və xahiş etmək istəyirəm ki, həyatın istənilən şəraitində sizin arxanızda güclü Azərbaycan dövlətinin dayandığını biləsiniz”, – İlham Əliyev bildirib.
Göstərdiyi hünərlə xalqın sevgisini qazanan Hökumə Əliyeva bu gün yalnız peşəkar bələdçi deyil, həm də Azərbaycanın tarixində qəhrəmanlıq və fədakarlıq izi buraxan şəxsiyyətlərdən biridir.
Azərbaycan xalqının yaddaşında daim yaşayacaq Milli Qəhrəmanımız haqqında onun atası Cəlil Alıyevlə yaşadıqları Samux rayonunun Alıuşağı kəndində söhbətləşdik.
Hökumənin faciəvi itkisindən bir neçə gün keçməsinə baxmayaraq, ölkəmizin hər bir yerindən atasına, ailəsinə təsəlli vermək, acısını bölüşmək üçün gələnlərin sayı hesabı yox idi.
44 günlük Vətən Müharibəsinin tanınmış simalarından tutmuş, ölkənin müxtəlif ictimai-siyasi təbəqəsinin təmsilçiləri, sadə insanlar axın-axın Alıyevlər ailəsinin yanına gəlir, kədərinə şərik olurdular.
Gununsesi.info-ya danışan Cəlil Alıyev bu ağır günlərdə onları tək qoymayan dövlətə və vətəndaşlara öz təşəkkürünü bildirdi.
“ Bildiyiniz kimi baş verən faciəvi hadisədə həlak olan ekipaj üzvlərindən biri də, mənim qızım Hökumə Əliyevadır.
Əlbəttə ki, bu, çox ağır itkidir. Bu gün bu itkini xalqım, dövlətim mənimlə bərabər çəkir. Bu, təkcə bizim ailənin yox, bütövlükdə Azərbaycanın faciəsidir. Bizi tək qoymayan xalqımıza minnətdarlığımı bildirirəm. Dövlətimiz, xalqımız sağ olsun. Xalqın, dövlətin başı sağ olsun. Qızım Hökumə ilə fəxr edirəm. O, gerçək bir qəhrəmandır. Qızımı çox sevirəm.
Bu gün Cənab Prezident İlham Əliyev qəzada həlak olanların ailələrinə xüsusi diqqət ayırdı. Mən ölkə Prezidentinə bütün diqqəti, qayğısı üçün dərin təşəkkür edirəm. Təşəkkür edirəm ki, qızıma Milli Qəhrəman adı verdi, Hökumə Əliyevaya qəhrəmanlığı layiq bildi”, – deyə C. Aliyev qeyd edib.
Təyyarənin Rusiya tərəfindən vurulması faktına toxunan Cəlil Alıyev vurğulayıb ki, ölkə başçısı onun gözlədiyi bəyanatı səsləndirib: “Mənim gözlədiyim bəyanatı cənab Prezident səsləndirdi. Cənab Prezident tələb etdi ki, bu cinayəti ört-basdır etmək olmaz. Mən də inanıram ki, cinayətkarlar öz cəzasını alacaq”.
Böyük Britaniya tarixçisi, yazıçısı və filosofu Tomas Karleyl yazır:
“Müxtəlf dövrlərdə, müxtəlif ölkələrdə hər dəfə bizim ümuminsanlıq təbiətimizin hansısa xüsusi tərəfi inkişaf edir. Gerçək həqiqət bunların hamısının cəmini özündə təqdim edir, amma heç bir tərəf öz-özündə insan təbiətini indiyədək inkişaf etdirdiklərini ifadə edə bilmir. Onların hamısını bilmək, səhv şərh etməkdən yaxşıdır”
Bir şəxsin gerçək qəhrəman olduğunu aydınlaşdırmaq üçün onun fəaliyyətinə xalqların və dövrlərin insanlarının verdiyi qiymət də əsasdır.
Dar və məhdud regional çərçivədə dəyərləndirilən heç bir hadisə gerçək qəhrəmanlıq deyil.
Azərbaycan tarix boyu hər zaman öz qəhrəmanlarına dəyər verib, onların ailə üzvlərinə diqqət və qayğı göstərib.
Bu ənənə bu gün də davam edir və bundan sonra da davam edəcək.
Şəbnəm Rəhimova