Təhdidlər NATO-nu birləşdirməyə təkan verdi

“Bir zamanlar Trampın başı çönərkən ABŞ-ın NATO-dan çıxacağını, bu təşkilata vəsait ayırmayacağını bildirirdi. Amma Ankara görüşü, aparılan müzakirələr, nəhayət “Ankara Bəyannaməsi” təşkilata üzv dövlətlərin hadisələrə daha praqmatik yanaşdığını göstərir”.

Gununsesi.info xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:

“Görünür, həm  ətrafı, həm də dünyada gedən geosiyasi proseslər NATO-nu parçalamaq deyil, gücləndirməyin zəruri olduğunu cənab Trampa anlada bilib.

Təbii ki, Rusiyanın  təhdidləri yalnız NATO üzvü olan ölkələrə qarşı deyil. Keçmiş SSRİ məkanında olan  respublikalar da belə təhdid siyasəti ilə  daim üzləşirlər. Optimal  variant isə təhlükəsizlik çətirinin yaradılması idi.  Bütün məqamları nəzərə alaraq onu qeyd etmək olar ki, Alyansın daxilində davam edən müsbət tendensiyalar, xüsusilə sammitin Ankarada keçirilməsi mühüm məsələdir. Türkiyənin önəmli güc mərkəzi kimi bu proseslərin önündə olması bir çox münaqişələrin alovlanmasına deyil, səngiməsinə təsir göstərər”.

O qeyd edib ki, hazırda bütün münaqişə tərəfləri ilə, həm Rusiya, həm Ukrayna ilə  sabitləşdirici əlaqələrini qoruyub saxlayan və sülhyaratma prosesinə dəstək göstərmək potensialı olan Türkiyədir:

“Digər tərəfdən  qardaş Türkiyənin güclənməsi Türk Dövlətləri Təşkilatlarının (TDT)  strateji maraqlarına cavab verir. Türk birliyi emosional çıxışlarla, gəlişi gözəl ifadələrlə deyil, bütün tərəflərin maraqlarına uyğun güc mərkəzinə çevrilməklə mümkün  olar. Bu istiqamətdə güclü Türkiyə-Azərbaycan tandemi və Mərkəzi Asiya Respublikalarının  türk birliyi yolunda cəsarətli addımları effektli nəticələr verər.

Alyansın Ankara sammitinin  digər bir əhəmiyyəti  nəticəsi o oldu ki,  NATO  Ukraynaya 2026-cı ildə hərbi texnika, yardım və təlim məqsədilə 70 milyard avro ayıracağını və növbəti ildə də  eyni səviyyədə dəstəyin saxlanılacağını bildirildi. Bu Rusiya təhdidlərinin qarşısının alınmasında  əhəmiyyətli dəstəkdir.

Nəhayət ki, dünyada güclənməkdə olan Çin faktoru diqqəti cəlb edir. Böyük ehtimalla NATO, xüsusilə ABŞ  Çin məsələsində ciddi qarşıdurmaya getməyəcək. Çinlə iqtisadi əməkdaşlığa daha çox önəm veriləcəyini düşünmək olar”. 

 

 

 

Gununsesi.info