Jurnalist Əvəz Zeynallı ABŞ Prezidenti Donald Trump barədə sərt fikirlər səsləndirib.
Gununsesi.info xəbər verir ki, o, Trampı “müasir dünyanın ən təhlükəli, yalançı və anlaşılmaz lideri” adlandıraraq, onun siyasətinin qlobal nizamı sarsıtdığını iddia edib.
Əvəz Zeynallının fikrincə, Trampın açıqlamalarını olduğu kimi deyil, əks mənada qiymətləndirmək lazımdır.
O bildirib ki, Trampın Türkiyə Prezidenti Recep Tayyip Erdoğan haqqında “dostumdur, nə deyirəmsə edir” sözləri əslində Türkiyə üçün mümkün təhlükələrin göstəricisi kimi dəyərləndirilə bilər.
Jurnalist həmçinin Trampın Türk Silahlı Qüvvələri barədə müsbət fikirlər səsləndirməsini də şübhə ilə qarşıladığını qeyd edib.
Onun iddiasına görə, bu cür bəyanatlar Türkiyə ordusuna qarşı gizli planların ola biləcəyinə işarə kimi qəbul edilməlidir.
Əvəz Zeynallı daha sonra Trampın Türkiyənin İranla müharibəyə qoşulması ilə bağlı əvvəlki açıqlamalarına toxunaraq, bunun Ankaranı gələcəkdə İranla qarşıdurmaya cəlb etmək niyyətindən xəbər verə biləcəyini iddia edib. O, Trampın Benjamin Netanyahu ilə yaxın münasibətlərini də bu kontekstdə xatırladıb.
Paylaşımının sonunda Əvəz Zeynallı bildirib ki, “dünyanın elə bir dövrünə gəlib çıxmışıq ki, bəzi liderlərin çıxışlarını düzünə deyil, tərsindən oxumaq lazım gəlir.”
Qeyd edək ki, bu fikirlər Əvəz Zeynallının şəxsi mövqeyini əks etdirir və irəli sürdüyü iddialarla bağlı müstəqil təsdiq təqdim olunmayıb.
Elmar
Gununsesi.info












