
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın sədrliyi ilə Ombudsman Aparatında Ümummilli liderimiz Heydər Əliyevin doğum gününün 94-cü ildönümü ilə bağlı toplantı keçirilib.
Gununsesi.info xəbər verir ki, toplantıda Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşları da iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə mərhum prezident Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Toplantıda çıxış edən Ombudsman Elmira Süleymanova Ümummilli liderimiz Heydər Əliyevin həyat və gərgin fəaliyyəti onun şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu deyib.
Belə ki,bu dünya şöhrətli siyasətçinin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, xalqın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsi nəticəsində ictimai-siyasi sabitlik, qanunun aliliyi təmin edilib, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində real addımlar atılıb, bununla da Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakının yeni mərhələsi başlanıb.
E.Süleymanova onu da vurğulayıb ki, Ümummilli liderimizin diqqətindən kənar qalan heç bir sahə olmayıb: “Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi-siyasi sabitlik nəticəsində ölkəmizdə insan hüquq və azadlıqları təmin olunub, vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Belə ki, onun təşəbbüsü və səyləri nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının dinamik inkişafına, insanların sosial rifah halının yüksəldilməsinə, qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinəşərait yaradıb”.
O, qeyd edib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası, məhz, Ümummilli liderimizin rəhbərliyi ilə hazırlanıb və 12 noyabr 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə, demokratik tərzdə qəbul edilmiş, bu ali sənədin 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılmış, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunub.
E.Süleymanova bildirib ki, Ulu öndərin hakimiyyəti zamanı insan hüquq və azadlıqlarının təmini məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirilib, müvafiq qanunvericilik aktları qəbul olunub, fərman və sərəncamlar imzalanıb. 1993-cü ildən respublikamızda ölüm cəzasının tətbiqi üzərində veto qoyulub, 1998-ci ildən isə ölüm cəzası ləğv olunaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.
Prezident Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycanda əfv institutu bərpa olunduğunu deyən Ombudsman, 1995-2003–cü illərdə ulu öndər tərəfindən 32 əfv fərmanı və sərəncamı imzalandığını da vurğulayıb: “Ümumiyyətlə dövlətimizin humanist siyasəti nəticəsində 1995-2017-cı illər ərzində 62 əfv fərmanı və sərəncamı imzalanmışdır ki, bununla da minlərlə insan azadlığa qovuşub. Heydər Əliyevin 22 fevral 1998-ci il tarixində imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı insan hüquqları sahəsində ən mühüm sənədlərdəndir. İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında ilk dəfə “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması” təsbit olunub”.
E.Süleymanova qeyd edib ki, Ombudsman təsisatının Azərbaycanda özülünün qoyulması və inkişafı bilavasitə dünya şöhrətli siyasi xadim, ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci il 28 dekabr tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi insan hüquqları sahəsində həqiqətən böyük dönüş nöqtəsi oldu.
“Ümummilli liderimizin siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları sahəsində islahatlar nəticəsində Azərbaycan bir çox göstəricilər üzrə sürətlə inkişaf edən öndər ölkəyə çevrilmişdir”-, deyə o bildirib.
Ombudsmanın regional mərkəzlərinin rəhbərləri çıxış edərək, Müvəkkilin tapşırığı ilə regionlarda Heydər Əliyevin 94-cü ildönümünə həsr edilmiş tədbirlərin keçiriləcəyini və bununla bağlı hazırlıq işlərinin aparıldığını bildiriblər.
Tədbirin yekununda Müvəkkil indiki nəsil kimi, gələcək nəslin də xalqımızın böyük oğlu Heydər Əliyevin xatirəsini daim əziz tutacağına əminliyini ifadə edib.
Gülnaz Qənbərli
Gununsesi.info












