“Qanunların gizli hazırlanma praktikasına son qoyulmalıdır” - SAHİB MƏMMƏDOV 

  • Müəllif: admin
  • 15 May 2017 18:10

sahibmemmed

Əhalinin maraqlarına aid olan qanunların gizli hazırlanma praktikasına son qoyulmalıdır.

Bunu Gununsesi.info-ya Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı “İşsizlik hallarında İcbarı sığorta haqqında” qanun layihəsi barədə mövqeyini açıqlayarkən deyib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunvericilik təşəbbüsü ilə “İşsizlik hallarında İcbarı sığorta haqqında” qanun layihəsi hazırlayıb. Bu qanun layihəsində əsasən, işsizlərin qeydiyyata alınması, onların işlə təmin olunması və yeni peşələrə yiyələnməsi, eyni zamanda işsizlərə müavinətin verilməsi ilə bağlı xüsusi Fondun yaradılması və bunun hüquqi həlli mexanizmləri öz əksini tapıb.

Beləliklə, sözügüdən mövzu ilə bağlı Gununsesi.info-ya danışan Sahib Məmmədovun bildirdiyinə görə, Azərbaycanda mövcud qanunvericiliyə əsasən işsizlik statusu Dövlət Məşğulluq Xidmətinin müvafiq mərkəzləri tərəfindən qeydə alındıqdan sonra Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən ödənilir. “Bu vəsait də az olduğundan işsizlik statusu alanlara yetmir. Əvvəllər bu vəsait 2-3 milyon manat civarında idi və son illərdə bu, 5 milyon manat həcminə qaldırılıb. Ancaq bu məbləğ də yetərli deyil”- deyə, o, qeyd edib.

S.Məmmədov əlavə edib ki, dünyanın bir çox ölkələrində işsizləri qeydiyyata alan, onlara müavinət ödəyən xüsusi fondlar var və onlar həddən artıq maliyyə imkanlarına malikdirlər. “Azərbaycanda ayrılan maliyyə vəsaiti az olduğundan çox vaxt onun daha çox qeyri-şəffaf istifadəsi hallarına yol verilirdi. Baxmayaraq bu sahədə prosesi tənzimləmək üçün yeni qanun layihəsi hazırlanır, ancaq həmin  sənəd əhalinin maraqlarına cavab verdiyindən ictimaiyyətdən gizlədilir. Sənəd hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Nəzarət Şurasının üzvlərindən belə gizlədilir. Odur ki, bu praktikaya son verilməlidir”- deyə, S.Məmmədov vurğulayıb.

Təşkilat rəhbəri deyib ki, yeni sənədə əsasən işsizlik müavinəti ilə bağlı xüsusi fond yaradılacaq və bu fond işəgötürən və işçinin ödədiyi vəsait hesabına formalaşacaq.  “Fonda təqribən 80 milyon manat həcmində vəsaitin toplanması nəzərdə tutulur. Bu müsbət hadisə olsa da, müəyyən çatışmayan məqamlar var”-deyə, o, bildirib.

S.Məmmədov qeyd edib ki, işsizlik müavinətindən heç də bütün işsizlər yararlana bilməyəcək: “O işsizlər bu müavinətə iddia edə bilərlər ki, onlar əmək müqaviləsi əsasında çalışıblar və özlərindən asılı olmayan səbələrdən işlərini itiriblər. Onu da əlavə edim ki, bu kateqoriyadan olan insanların da hamısı işsizlik statusu alıb, nəzərdə tutulan müavinət almaq hüququndan istifadə edə bilməyəcək. Bunun üçün xüsusi bir prosedur qayda var və ona uyğun olaraq işsiz şəxs işsizlik statusu və müavinət ala bilər. Belə ki, müqavilə əsasında işləyib və işini itirən şəxs məşğulluq idarəsinə işsiz kimi qeydiyyata alınması üçün müraciət edən zaman ilk olaraq, o, şəxs işaxtaran kimi qeydə alınacaq. Ona ən azından iki iş yeri təklif ediləcək. Əgər bu təklifləri işaxtaran arqumentli şəkildə izah edib, imtina etməsə, o zaman o müavinət almaqdan mərhum olacaq. Və onlar ancaq işaxtaran kimi qeydiyyata götürüləcək. Yox, məşğulluq xidməti müraciət edənə iş təklif edə bilmədikdə və ya onun ixtisasına uyğun iş tapa bilmədikdə, onu işsiz kimi qeydiyyata alacaq.

Məsələn, bir şəxs işini itirdiyi üçün məşğulluq xidmətinə müraciət edir və ona iki iş təklif olunur. Ancaq bu işlərdə onu minimal səviyyədə təmin edəcək maaş verilmədiyindən, yaxud onun ixtisasına uyğun olmadığından təbii ki, işaxtaran bu təklifdən imtina edəcək. Məşğulluq xidməti isə ona ya ixtisasdəyişmə kursunu təklif edəcək və yaxud da işaxtaran kimi qeydə alacaq. Bununla da müraciət edən şəxs işsiz statusu ala bilməyəcək. İşsiz kimi qeydiyyata düşə bilmədiyindən işsizlik müavinəti ala bilməyəcək”.

S.Məmmədov deyib ki, işsizlik statusu alan şəxs də işsizlik müavinətini 6 ay müddətinə ala bilər, bu növbəti mərhələdə bu müddət 3 ay artırıla bilər. Bununla belə S.Məmmədov bildirib ki,  bu gün Azərbaycanda 1,5 milyon insan qeyri-formal olaraq əmək bazarının iştirakçısıdır: “İşləyirlər, ancaq heç bir yerdə qeydiyyatda yoxdurlar. Bundan əlavə, 500 min insan mülki müqavilə əsasında çalışır. Xidmət müqaviləsi ilə işləyənlər də işsizlik müavinətinə iddialı ola bilməz. Ümumiyyətlə, bu sənəd Azərbaycanın bu günkü reallığına uyğun olmayan bir sənəddir. Sənədlər təkcə gələcəyə ünvanlanmamalı, eyni zamanda mövcud vəziyyəti də nəzərə alaraq hazırlanmalıdır”- deyə, S. Məmmədov vurğulayıb.

Mürtəza

Gununsesi.info