
Bəzi insanlar adrenalin yaşamağı çox sevir. Onların arasında elələri var ki, həbsxanada dəmir barmaqlıqlar arxasında vaxt keçirib, burada hansı hislərin yaşandığına maraq göstərirlər. Finlandiyada bu arzunu reallaşdırmaq mümkündür. Belə ki, Finlandiyanın Helsinki şəhərində bir sahibkarın otelində gecələyənlər özlərini həbsxanada hiss edirlər. Gununsesi.info qeyri-adi otel olan “Hotel Katajanokka” haqqında məlumatları təqdim edir.
“Katajanokka”, əslində, 1837-ci ildə inşa edilmiş həbsxanadır. Adı yerləşdiyi adanın adı ilə bağlıdır. Fəaliyyət göstərdiyi ilk illərdə burada 12 hücrə olub. 1888-ci ildə isə hücrələrin sayı 64-ə yüksəlib. Buna səbəb müharibə dövründə əsirlərin sayının artması olub. 2002-ci ildə məhkumların hamısı azadlığa buraxılıb. Nəticədə həbsxananın fəaliyyəti başa çatıb. Dörd il boş qalan bu məkan 2006-cı ildə yenidən təmir olunub və həbsxana formatlı qeyri-adi bir otelə çevrilib.
Həbsxana-otelin içərisini gəzərkən divarlarda “çox soyuqdur” kimi yazılara rast gəlinir. Böyük ehtimalla, bu yazılar illər öncə burada cəza çəkən məhkumlar tərəfindən divarlara həkk olunub.
Oteldə maraqlı cəhətlərdən biri də odur ki, içəri girənləri polis geyimində olan işçilər qarşılayır. Burada gecələyənlərin sözlərinə görə, onlar özlərini həqiqətən də məhkum kimi hiss edirlər. İstəyənlər oteldə qaldıqları müddətdə dustaqlar üçün nəzərdə tutulmuş paltarları da geyinə bilər.





Gununsesi.info












