
Beynəlxalq Bankın lisenziyası ləğv edilməlidirmi? Son günlər bu fikir ekspertlər tərəfindən çox səslənir. Səbəb kimi bankın büdcədən həddən artıq çox – 10 milyard daxili, 3,3 milyard xarici borcları üçün vəsait udmasıdır. Maliyyəçi-ekspertlər hesab edir ki, əgər Beynəlxalq Bank ləğv olunsaydı, sağlamlaşdırmaya indiki qədər pul xərclənməyəcəkdi.
Qeyd edək ki, Beynəlxalq Bankın kreditorları ilə Azərbaycan hökuməti arasında son London görüşündə də bu məsələ gündəliyə gətirilmişdi. Hökumət onlardan ya güzəştləri qəbul etməyi, ya da bankın lisenziyasının ləğvinə getmək məcburiyyətində qalacaqlarını diqqətə çatdırmışdı.
Millət vəkili Vahid Əhmədov Gununsesi.info-ya açıqlamasında bildirdi ki, hökumət bütün addımları düşünüb: “Yəqin ki, özəlləşdirilməsi mümkün olacaq ki, sağlamlaşdırmaya bu qədər vəsait xərclənir. Düşünürəm ki, özəlləşdirmə zamanı müştərisi də olacaq. Çünki 2 törəməsi olan iri bankdır”.
Millət vəkilinin sözlərinə görə, Beynəlxalq Bank Azərbaycanda ən iri banklardan biridir: “Həm hüquqi, həm də fiziki şəxslər tərəfindən ən çox depozit yatırılan bankdır. Bu bankın yaxşı kapitallaşması olub. 2015-ci ildə prezidentin fərmanı ilə Beynəlxalq Bankın sağlamlaşıdırılaraq özəlləşdirilməsinə qərar verildi. Bununla bağlı araşdırmalar getdi. Problemli kreditlərin həlli üçün 7 milyard manata yaxın “Aqrarkredit” BOKT-yə vəsait köçürüldü. Bundan başqa, xarici kreditorların, Neft Fondunun orada vəsaiti var. İndi bankın tam sağlamlaşdırılması üçün işlər davam etdirilir.
Ola bilsin ki, bir müddət reytinqi aşağı düşə bilər. ABŞ məhkəməsinə də müraciətin əsas səbəbi xarici kreditorlar tərəfindən güzəştlərin əldə edilməsi idi, buna da nail oldular. Bizi narahat edən məsələ insanların əmanətləri idi. Amma artıq bununla bağlı rəsmi açıqlama verildi ki, əmanətlərlə bağlı heç bir təhlükə yoxdur”.
Vüsalə Rüstəmova
Gununsesi.info












