
Rusiya Sankt-Peterburq yaxınlığındakı Luqa poliqonunda “Qərb-2017” təlimləri çərçivəsində “İsgəndər -M” raketini sınaqdan keçirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Belarus və Rusiya silahlı qüvvələrinin “Qərb-2017” birgə strateji təlimləri zamanı quru qoşunların modernləşdirilmiş “İsgəndər-M” raket kompleksindən maksimum məsafəyə uğurlu atış həyata keçirilib.
Belə ki, Luqa poliqonunda atəşlənən “İsgəndər-M” operativ-taktiki raketi 480 kilometr məsafəni qət edərək, Qazaxıstanın Makat poliqonundakı hədəfi dəqiqliklə məhv edib.
Qeyd edək ki, “İsgəndər-M” operativ-taktiki raketlər 20 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilə bilir. Bu raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.
Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Raketlərin son modifikasiyası hədəfi cəmi 10 metr dəqiqliyi ilə vura bilir. Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur və onun dünyada analoqu yoxdur.
Anar
Gununsesi.info











