Əmək qabiliyyətli əhalinin 15 faizi işləmədiyi halda, işsizlik necə olur 5 faiz təşkil edir? - RÖVŞƏN AĞAYEVİN RƏYİ

  • Müəllif: admin
  • 04 Oktyabr 2017 14:48

rovsen

“Ölkədə əmək qabiliyyətli 890 min qadın heç yerdə işləmir. Onların hamısı evdə oturub. Əmək qabiliyyətli əhalinin 15 faizi deməkdir. Əmək qabiliyyətli əhalinin sayı 6 milyondan yuxarıdır. Göründüyü kimi, qadınların çoxu işləmək istəmir və bu, böyük ölçüdə milli ənənələrin xüsusiyyətindən irəli gəlir“.

Gununsesi.info virtualaz.org-a istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib.

Nazirin sözlərinə görə, qadınlar işləmək istəmir: “Onlar kömək üçün müraciət etmirlər, iş axtarmırlar, nəticədə, onları işsiz kateqoriyasına aid etmək olmaz”.

S.Müslümov əlavə edib ki, sovet dövründə əhalinin bu hissəsi tarlalarda işləyirdi: “Onlar ev təsərrüfatı ilə də məşğul idilər, ancaq tarlada da işləyirdilər. Biz onları özünüməşğulluq proqramına cəlb etməklə gəlir əldə etmələrinə imkan yaradacağıq. Həmin gəlirləri onlar öz ailələrinə sərf edə bilər. Azərbaycanlılar kiminsə hesabına yaşamağa aludə deyil, biz öz zəhmətimizlə qazanmaq istəyirik, kiməsə yük olmağı deyil. Ona görə də, onlar işləyəcəklər və qazanacaqlar. Hazırda bizim siyasətimizin əsasında əhalinin özünü işlə təmin etməsi dayanıb. Bu gün Azərbaycanda cəmi 5 faiz işsiz var. Və bu, həqiqətdir. Bizə işlə bağlı 252 min adam müraciət edib və biz onları işsiz kimi qeydə almışıq”.

Gununsesi.info iqtisadçı-ekspert Rövşən Ağayevə istinadən bildirir ki, hansı tədqiqat və araşdırmaların nəticəsində bu qənaət təsdiqlənib ki, həmin qadınlar işləmək istəmir: “Yalnız ona görə ki, Məşğulluq Mərkəzlərinə müraciət etmirlər və işsiz kimi qeydiyyata düşmürlər? Niyə müraciət etsinlər ki? İnsanlar onsuz da bilirlər ki, real əmək təklifi il müqayisədə iqtisadiyyatın iş qüvvəsinə tələbi son dərəcə azdır, həmin mərkəzlərə müraciət əksər hallarda əlavə zaman itkisidir. Hətta inkişaf etmiş ölkələrdə əmək bazarının dövriyyəsində dövlət məşğulluq mərkəzləri üstün paya malik olmurlar. İşaxtaranlar şəxsi əlaqələri, şirkət elanları və başqa iş təklifi kanallları ilə də rahatlıqla iş əldə edirlər. Məsələ təkcə kəmiyyət tərəfində deyil, insanların öz peşə-ixtisas səviyyəsinə uyğun iş yerlərinin mövcudluğundan gedir. Məşğulluq və əmək bazarı ilə bağlı nəzəri yanaşmalarda belə bir yanaşma var: əmək qabiliyyətli insanın peşə-ixtisas səviyyəsi ilə iş yerinin ixtisas səviyyəsi uyğun gəlmirsə, hətta təmin edilsə belə, bu səmərəli məşğulluq deyil. Belə bir mənzərə təsəvvür edin: əmək bazarına 100 min ixtisalı əmək təklif olunur, amma əmək bazarı 500 min ixtisassız əmək təklif edir. Kəmiyyət  baxımın vəziyyət çox yaxşı görünür: iş qüvvəsi bazarında tələb təklifi 5 dəfə üstələyir. Amma  ali, orta və ya peşə təhsilinə malik əmək qabiliyyətli şəxsin tam ixtisassız və onların peşə-ixtisas səviyyəsindən aşağı iş yerlərini seçməsi nə qədər səmərəli və ədalətli yanaşmadır? İnşaat Mühəndislər Universitetini bitirmiş mühəndis tikintidə fəhlə yerindən imtina edəndə bunu tənbəlliyə yozmaq yanlış yorumdur. Məsələn, nazirlik araşdırma aparıbmı ki, işləməyən qadınların hansı hissəsi yüksək ali, orta ixtisas və ya peşə təhsilinə malikdir və mövcud əmək bazarı bu ixtisas tələblərinə uyğun iş yerləri təklif etmək potensialına malikdir? Araşdırma varsa, müsahibədə belə maraqlı məqamları da səsləndirmək vacibdir”.

R.Ağayevin qənaətinə görə, rəsmi təbliğatdan belə aydın olur ki, cəmiyyətin əksər hissəsi ünvanlı sosial yardımın marağına yatıb və işləmək istəmir: “Belə ailələrin olması istisna deyil, bəlkə ölkədə on minlərlə belə adam var, amma onları sayının yüzminlərlə olması mümkün deyil və belə iddialar absurddur. Əslində bu təbliğat hökumətin səmərəli məşğulluğu təmin etmək bacarığını pərdələmək, işsizlik və yoxsulluğun, əsasən, insanların tənbəlliyi ilə bağlı olduğunu ictimai şüura oturtmağa xidmət edir”.

İqtisadçı əlavə edir ki, nazirlik üçün əsas prioritet özünüməşğulluq proqramlarının dəstəklənməsidir, özü də əsasən aqrar sektorda: “Problem ondadır ki, özünüməşğulluq proqramları, əsasən, qeyri-rəsmi əmək sferasında yaranır. Müasir dünyada isə çox kiçik istisnalarla aşağı texnoloji məşğulluq seqmentinə aid olduğu üçün qeyri-formal məşğulluğun genişlənməsinə maraq kütləvi deyil. Məsələn, bizdə qeyri-rəsmi məşğulluğun payı 70%, inkişaf etmiş ölkələrdə 5-10% ətrafındadı. Son 20 ildə hökumət bu nisbəti dəyişməyibsə, səbəbi nədir? İnkişaf etmiş ölkələrdə hökumətlər üçün hədəf mikro və kiçk müəssisələrin, aqrar sektorda isə kooperativlərin dəstəklənməsidir. Özünüməşğulluq proqramlarının əhatə dairəsi əsasən kapitaltutumlu olmayan və ixtisassız iş yerlərinin açılması ilə sərhədlənir. Dünya təcrübəsi göstərir ki, orta və yüksək texnoloji səviyyəli istehsal strukturu yaratmağa nail olmuş iqtisadiyyatlarda hökumətlər özünüməşğuluq proqramlarına ehtiyac görmürlər. Bu proqram çərçivəsində yaranacaq bir iş yerinin əlavə dəyər formasında iqtisadiyyata qatqısı nə qədər gözlənilir və ümumiyyətlə belə hesablamalar varmı?”.

Vüsalə Rüstəmova

Gununsesi.info