“Məqsədləri Rövşən Əhmədovun anlaqsız olduğunu göstərmək və məsuliyyətdən yayındırmaqdır” - VƏKİL CEYHUN YUSİFOV

  • By admin
  • 26 Dekabr 2017 15:02

“Dekabrın 21-də intihara cəhd edən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədov Maştağa qəsəbəsində yerləşən Respublika 1 saylı Ruhi Əsəb Dispanserinə yerləşdirilib. Biz hadisələrin bu cür axarla davam edəcəyini əvvəlcədən Səhiyyə Nazirliyinə bəyan etmişdik ki, R.Əhmədov bu yolla məsuliyyətdən yaxa qurtarmaq istəyir. Məqsədləri onun anlaqsız olduğunu göstərmək və məsuliyyətdən yayındırmaqdır”.

Bu haqda Gununsesi.info-ya Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun intihara cəhd etmə məqsədlərindən danışarkən deyib:

“Verdiyimiz proqnoz hal-hazırda özünü doğruldur, hazırda R.Əhmədov sözügedən dispanserə yerləşdirilib. Yaxın günlərdə yəqin R.Əhmədovun anlaqsız vəziyyətdə olmasıyla bağlı həkim tibbi rəy də təqdim edəcək. Maraqlıdır, əgər adam cinayət törətməyibsə, anlaqsız olub-olmaması onun nəyinə lazımdır? Səhiyyə Nazirliyinə bu haqda məlumat verib, xəbərdarlıq etsək də, onlar bu ssenarini poza bilmədilər. Bir daha Oqtay Şirəliyevdən xahiş edirik ki, məsələni xüsusi nəzarətə götürsün. Cinayətkarlar bu üsulla məsuliyyətdən yaxa qurtarmamalıdır”.

Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyev, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın əmlaklarını mənimsəmədə ittiham edilib. İttihama aktına əsasən o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib. 2016-cı ilin aprelin 18-də R.Əhmədova qarşı Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonradan cinayət işinin istintaqının davam etdirilməsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona CM-in 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Gülnaz Qənbərli

Gununsesi.info