
“1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan tarixinin ən parlaq, ən şanlı, ən şərəfli səhifələrindəndir. Tarixən çox qısa ömürlü olmasına baxmayaraq, 23 ay ərzində ADR yaradıcıları demokratik dövlət qurculuğu sahəsindəki ideyalarının bir hissəsinin real həyatda da gerçəkləşdirə, fikirdə, sözdə və işdə öz xalqına, öz millətinə təmənnasız xidmət nümunəsi göstərə bildilər. Şərqə, ümumiyyətlə dünyaya nümunə ola biləcək bir cümhuriyyət qurmaqla, ADR yaradıcılarının fədakar fəaliyyətinin milli və bəşəri dəyərlərə, sivilizasiyaya uyğun nəticələri dünya miqyasında Azərbaycan xalqına baş ucalığı gəturən və bu xalqın dünyəvi, demokratik dövlət quruculuğu sahəsində böyük potensiala malik olduğunu nümayiş etdirən çox ciddi bir tarixi hadisədir”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Əli Məsimli Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi və cümhuriyyətin 100 illik yubleyinin təntənəli formada keçirilməsi ilə bağlı imzaladığı sərəncamı şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda yaşadığımız müstəqil Azərbaycan- Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: “Azərbaycan Xalq Cümhuriyyəti bizim üçün bir dəyərdir və bu dəyərə sayğı ilə yanaşmaqla yanaşı, cümhuriyyətin bütün demokratik ənənələrinə sadiqiq və bu ənənələri qoruyub saxlamaq, yaşatmaq, inkişaf etdirmək bizim hər birimizin ümdə borcudur. Bu baxımdan tarixi dövlətçilik irsimizin qorunub saxlanmasına layiqli töhfə vermək və Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixi yaradanların əziz xatirəsini əbədiləşdirmək üçün prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsini aqışlayıram. Azərbaycan Respublikası prezidentinin bu təşəbbüsü “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli Sərəncamının layiqincə, daha dolğun və sürətlə həyata keçirilməsınə xüsusi təsir göstərəcək. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilməsindən ötrü prezident sərəncamına uyğun surətdə 2018-ci il ərzində həm ölkəmizdə, həm xaricdə bir çox tədbirlər keçiriləcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb, bu il həyata keçirəcək. Sözügedən prezident sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasını keçirəcək”.
Bütün bunlarla yanaşı, bəzi məqamlara xüsusi diqqət verilməsini zəruri hesab edən deputat bildirib ki, həm dövlət, həm də qeyri-dövlət qurumları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ölkəmizdə və onun hüdudlarından kənarda Azərbaycan Xalq Cümhuriyyətinin adına layiq səviyyədə tanınmasına və həm də milli birliyimizə xidmət etməlidir: “İkincisi, Azərbaycan, ingilis və digər əsas dillərdə AXC-nin 100 illik yubileyinə həsr olunmuş xüsusi kitabın çap olunması, beynəlxalq konfransların, dəyirmi masaların və s. keçirilməsi, üçüncüsü, AXC-nin 100 illik yubileyinə həsr olunmuş xüsusi filmlərin çəkilməsi, dördüncüsü, xarici ölkələrdə, eləcə də əsas beynəlxalq qurumlar çərçivəsində xüsusi tədbirlərin keçirilməsi, beşincisi, müxtəlif dillərdə ümumi bir saytın yaradılması və AXC-nin beynəlxalq aləmdə tanıdılmasının genişləndirilməsinə xidmət edən bütün sənəd və materialların burada yerləşdirilməsi, altıncısı, sərgilərin, idman yarışlarının, şagirdlər və tələbələr arasında bilik olimpiadalarının, alim və mütəxəssislər, media mənsubları arasında müsabiqələrin keçirilməsi, yeddincisi, “ADR yaradıcılarılarının xatirəsini əbədiləşdirmək üçün xüsusi tədbirlər proqramı” hazırlayıb həyat keçirilməsi. Həmin proqram üzrə ADR yaradıcıları haqqında kitabların, filmlərin və s. hazırlanması. Səkkizinci, ADR yaradıcılarının xarici ölkələrdə olan qəbirlərini Azərbaycana gətirərək, xüsusi mavzoleyin yaradılması, ölkədə və xaricdə AXC ilə bağlı yerlərə, eləcədə də ADR yaradıcılarının yaşadığı yerlərə xatirə lövhələrinin asılmasını təklif edirəm”.
Mürtəza
Gununsesi.info











