ATƏT Azərbaycandakı növbədənkənar prezident seçkilərini izləyəcəkmi? - MSK DƏVƏT GÖNDƏRƏCƏK

  • Müəllif: admin
  • 06 Fevral 2018 17:16

Adətən beynəlxalq təşkilatlar, xüsusən də Avropa təşkilatları Azərbaycanda baş verən hadisələrə operativ reaksiya verirlər. Lakin  fevralın 5-də Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verilsə də, beynəlxalq təşkilatlar, xüsusən də ATƏT və onun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu hələlik bu məsələyə reaksiya verməyib.

Bu təşkilatların Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı mövqeyini demək olar ki, bütün siyasi qüvvələr gözləyir. İndi hamını bir sual düşündürür: ATƏT və AŞPA bu seçkiləri müşahidə edəcək ya yox?! Çünki, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ATƏT məkanında keçirilən prezident və parlament seçkilərini həm uzunmüddətli, həm də qısa müddətli formada  müşahidə edir. Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinə isə çox qısa zaman qalıb. Belə olan halda ATƏT bu seçkiləri müşahidə etmək üçün uzunmüddətli müşahidəçi missiyası göndərəcəkmi? Uzunmüddətli müşahidəçi missiyası olmayacağı təqdirdə, qısamüddətli müşahidəçi missiyası necə, gələcəkmi?!

Hazırda bir çox ekspertləri və siyasi qüvvələri bu sual çox maraqlandırır. Çünki müşahidə missiya qrupunu təşkil etmək, onları seçki keçirən ölkəyə ezam etmək zaman tələb edən məsələdir. Bunun digər problemli tərəfi isə texniki hazırlıq məsələləridir. Yaranmış bu vəziyyətə aydınlıq gətirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etdik.

Mərkəzi Seçki Komissiyası ictimaiyyətlə əlaqələr departamentindən Gununsesi.info-ya bildirilib ki, bütün seçkilərdə olduğu kimi, növbədənkənar prezident seçkiləri ilə bağlı beynəlxalq, regional təşkilatlara, o cümlədən ATƏT və AŞPA-ya da dəvət göndəriləcək.

Bildirilib ki, bütün seçkilərdə olduğu kimi aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin də  beynəlxalq müşahidəçilər  tərəfindən izlənməsi üçün şərait yaradılacaq və bu məqsədlə ATƏT, AŞPA, MDB PA, İƏT PA, TürkPA və digər təşkilatlara dəvətlər göndəriləcək.

Gununsesi.info