Özünü “Koroğlu” körpüsündən atmaq istəyən polisin işi yenidən araşdırılır

  • Müəllif: admin
  • 09 Fevral 2018 16:16

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş polis əməkdaşı Fəqan Nəsibovun işinə yenidən baxılıb. Prokuror ona şərti cəza verilməsindən narazı qalaraq, hökmdən protest vermişdi. 

Gununsesi.info xəbər verir ki, protestə Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası baxıb və işin yenidən birinci instansiyaya – Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılması haqda qərar çıxarıb.

F.Nəsibov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı olub. Keçmiş polis kapitanı işdən çıxandan sonra hüquqşünas kimi fəaliyyət göstərib.

İttihama görə, o, nümayəndə kimi çıxdığı işlərdə hüquqlarını müdafiə etməli olduğu şəxsləri aldadıb pullarını ələ keçirib.

F.Nəsibov 2014-cü ildə də həbs edilib. O, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyəçıxaraq intihar etmək istəmişdi. Həmin vaxt F.Nəsibov ittihamı qəbul etmədiyi üçün bu addımı atdığını demişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsində o,  CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib. Amma ona münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. F.Nəsibova 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib. O, məhkəməzalından azadlığa buraxılıb.

Gülər

Gununsesi.info