Bina yanğınına görə həbs olunan şirkət rəhbəri BƏRAƏT İSTƏDİ

  • Müəllif: admin
  • 21 Fevral 2018 10:34

 

İstər 2015-ci il aprelin 10-da Zığ yolundakı, istərsə də ondan sonra mayın 19-da Binəqədi rayonu, Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binalarının yanmasına əsas səbəb kimi həmin binalara vurulmuş poliuretan üzlüklər göstərildi. Binəqədidə 15 nəfərin öldüyü yanğına görə həmin binanı üzləmiş “Global Construction” və o üzlükləri istehsal etmiş “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudova 8 il həbs cəzası kəsildi. Xətai rayonu, Zığ yolundakı binanı üzləmiş “TNH” şirkətinin rəhbəri Məmməd Vəliyevlə bağlı məhkəmə prosesləri isə hələ də davam edir.

Gununsesi.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə Məmməd Vəliyevin şikayətinə baxılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Amma Məmməd Vəliyev ümumiyyətlə, özünü təqsirli bilmir və bəraət hökmü çıxarılmasını istəyir.

Xətaidəki yanğına görə üç nəfər həbs olunmuşdu. Onlardan Nüsrət Muxtarov Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında dünyasını dəyişdi. Digər iki nəfər – Fərid Sadıqov və Zaur Əşrəfov təxminən ilyarım həbsdə saxlandıqdan sonra şərti cəza ilə azadlığa buraxıldı.

F.Sadıqov məhkəmədə deyirdi ki, sənədlərdə o, şirkətin rəhbəri kimi göstərilsə də, əslində belə deyil. Onun sözlərinə görə, şirkətin faktiki rəhbəri M.Vəliyev olub. M.Vəliyev də axtarışa verilmişdi. Bu səbəbdən də onun məhkəməsi həmin cinayət işi üzrə təqsirləndirilən digər şəxslərdən ayrı keçirildi.

M.Vəliyev isə isə deyir ki, heç yerə də qaçmamışdı, biznes fəaliyyəti ilə əlaqədar hələ hadisədən dörd ay əvvəl ölkədən getmişdi. Həmin dövrdə də şirkətlə, onun gördüyü işlərlə əlaqəsi yox idi. Onun sözlərinə görə, Azərbaycana da könüllü şəkildə qayıdıb, onu tutub gətirməyiblər.

Amma Bakı Apellyasiya Məhkəməsi M.Vəliyevin şikayətini təmin etməyib. Onun 3 il azadlıqdan məhrum edilməsinə dair hökm qüvvədə saxlanılıb.

2015-ci il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi, 16 saylı ünvanında poliuretan materialla üzlənmiş yaşayış binası yanıb. Hadisə nəticəsində insan itkisi olmasa da, mənzillərin əksəriyyəti yanıb. Yanan mənzillər sonradan dövlət hesabına təmir olunub.

Gülər

Gununsesi.info