
Bakıda otel və bir xeyli başqa daşınmaz əmlakın sahibi olan iş adamı Barat Abdullayev bir müddət öncə öz həyat yoldaşının həbs etdirmişdi. Daha doğrusu, onun şikayəti əsasında həyat yoldaşı Təyminə Abdullayevanın barəsində cinayət işi başlanmış, amma həbs olunmamışdı. İstintaq dövründə onun barəsində başqa yerə getməməyə dail iltizam qətimkan tədbiri seçilmişdi. Bu məsələ aylarla Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılmışdı. Məhkəmənin gedişində də Barat Abdullayevin vəkilləri dəfələrlə qadının həbsi haqda vəsatət qaldırmışdılar, amma təmin olunmamışdı. Bununla belə, məhkəmənin sonunda Təyminə Abdullayevanın 8 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıldı və o, məhkəmə zalından həbs olundu.
Cəza azaldıldı
CM-nin 178 (dələduzluq), 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, zor tətbiqetmə), 320-ci (sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə) maddələri ilə təqsirləndirilən qadın hökmdən apellyasiya şikayəti vermişdi.
Gununsesi.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Təyminə Abdullayevanın şikayətinə baxılıb və cəzası 5 ilə endirilib.
İttihama görə, Təyminə Abdullayeva öz adına olan daşınmaz əmlakı həyat yoldaşının xəbəri olmadan satıb, bununla da Barat Abdullayevə 890 min manat ziyan vurub. Abdullayeva həmçinin 3 polisə xəsarət yetirməkdə suçlanır.
Amma Təyminə Abdullayeva ittihamları qəbul etmir. Deyir ki, həyat yoldaşı və qaynı onu birgə nikah dövründə əldə olunmuş əmlaklara sahiblik hüququndan məhrum eləmək üçün bu yola əl atıblar. Onun sözlərinə görə, həyat yoldaşının başqa bir qeyri-rəsmi ailəsinin olduğu ortaya çıxandan sonra boşanma məsələsi gündəmə gəlib. Qanuna görə, boşanacaqları halda, birgə nikah dövründə əldə olunmuş əmlaklar ər-arvad arasında bərabər payda bölünür. Təqsirləndirilən şəxsin sözlərinə görə, onlarsa daşınmaz əmlaka ortaq paydan məhrum etmək üçün onu həbs etdirmək istəyirlər.
“Əri onu əmlakdan məhrum eləmək üçün bu addımları atıb”
İttihamda bəhs olunan əmlakın həyat yoldaşından xəbərsiz satılmasına gəlincə, Təyminə Abdullayevanın vəkili Janna Bağırova bildirib ki, həmin əmlakı əri ona rəsmi şəkildə bağışlayıb. Bağışlanan, yaxud vərəsəlik qaydasında əldə olunan əmlak isə şəxsin öz mülkiyyəti sayılır. Yəni satılmış əmlak bağışlandığına görə birgə mülkiyyət sayıla bilməz: “Qanun şəxsin mülkiyyətində olan əmlakın satılmasında hər hansı qadağa müəyyən etməyib. Sadəcə, nikahda olan şəxslərin biri əmlakı satanda digərinin razılığının alınması nəzərdə tutulub. Bu da satan şəxsin vəzifəsi deyil, alqı-satqını həyata keçirən notariat kontorunun vəzifəsidir. Yəni notarius belə bir razılığın olub-olmadığını müəyyənləşdirməli, sonra alqı-satqı müqaviləsini bağlamalıdır. Amma dediyim kimi, bağışlanmış əmlak birgə mülkiyyət sayılmır”.
Təyminə Abdullayevanın digər vəkili Vasif İsrafilov da bu cinayət işinin sifariş əsasında başlandığını söyləyib. Onun sözlərinə görə, bu iş birgə nikah dövründə əldə olunmuş, dəyəri milyonlarla ölçülən əmlakın bölünməsinin qarşısını almağa yönəlib: “Cinayət işi başlandıqdan sonra Barat Abdullayev dəfələrlə Təyminə Abdullayevaya müraciət edib ki, ona düşən paydan imtina eləsin, əks halda, həbs olunacaq. İttihamda Barat Abdullayevə dəymiş ziyan 890 min göstərilib. Hətta satılmış evin dəyəri 890 mindirsə belə, ziyan 445 min hesablanmalı idi. Çünki mübahisəli mənzilin alqı-satqı müqaviləsi Səbail rayon Məhkəməsinin qərarı ilə etibarsız hesab edilib, mənzilə ər-arvadın bərabər paylı mülkiyyət hüququ tanınıb. Yəni mənzilin dəyərinin yarısı Barat Abdullayevindir”.
Bu cinayət işi başlanandan sonra iş adamının iki dostu polisə və məhkəməyə müraciət edərək, Barat Abdullayevin onların birinə 750 min, o birinə də 450 min borcu olduğunu göstəriblər. Abdullayev də otel tikintisi üçün həmin məbləğləri dostlarından aldığını etiraf edib. Məhkəmə qərarlarının icrası məqsədilə Abdullayevin təklifi əsasında onun adına olan torpaq sahələri borclu olduğu iddia edilən dostlarının mülkiyyətinə keçib.
Amma T. Abdullayevanın vəkili Vasif İsrafilov hesab edir ki, bu borc məsələsi uydurulub. Məqsəd də Abdullayevanı o əmlaklara olan paydan məhrum etməkdir.
Təyminə Abdullayeva Prezidentə və onun xanımına da açıq məktub yazıb. O, məktubunda digər ittihamlarla yanaşı, polislərə xəsarət yetirməsi haqda suçlamaya da münasibət bildirib:
“Sizin kimsəsiz bir Azərbaycan qadınına göstərəcəyiniz diqqət, məhkəmə prosesini xüsusi nəzarətə almağınız da ədalətli hökmün çıxarılmasına misilsiz yardım edərdi. Məhz bu səbəbdən son ümid yeri kimi Sizə üz tutub, yardım diləyirəm.
Haqqımda irəli sürülən ən absurd ittiham isə guya mənim 3 polisə xəsarət yetirməyimlə bağlıdır. Cənab Prezident, bunlar necə asayış keşikçiləridir ki, mənim kimi bir zəif qadın onlara xəsarət yetirməyi bacarır? Əgər Azərbaycanın asayişi bir qadına gücləri çatmayan polislərə həvalə edilibsə, ölkəmizin taleyinə necə bel bağlaya bilərik?
Gununsesi.info












