
Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında ikitərəfli müqavilə imzalanıb.
Gununsesi.info xəbər verir ki, müqaviləni LDU tərəfindən universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov, qarşı tərəfdən Torpaqşünaslıq və Aqrokimya İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev imzalayıblar.
Müqavilə Lənkəran Dövlət Universitetində mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək, Lənkəran iqtisadi rayonunda torpaqların müasir vəziyyətini öyrənmək məqsədi daşıyır. Müqaviləyə görə, LDU torpaqların beynəlxalq sistemə uyğun təsnifatının və xəritəsinin işlənib hazırlanması üçün çöl tədqiqatlarının təşkilini, subtropik bağçılıq və tərəvəzçilk üçün yararlı torpaq ehtiyatlarından səmərəli istifadəni, yem bitkiləri əkininin müasir torpaqəmələgəlmə prosesinə təsirini öyrənmək məqsədi ilə universitetin torpaq sahələrində təcrübələrin qoyulmasının təşkilini öz öhdəsinə götürür. Həmçinin, institut əməkdaşlarının elmi-tədqiqat məqsədi ilə Lənkəran bölgəsində ekspedisiyaların keçirilməsinə yaxından köməklik göstərmək də LDU-nun öhdəliklərinə daxildir. Alınmış nəticələrə dair müştərək elmi seminarların,simpoziumların, konfransların keçirilməsi də tədbirlər proqramına daxil edilib.
Öz növbəsində Torpaqşünaslıq və Aqrokimya İnstitutu Lənkəran bölgəsində dağ, dağətəyi, allüvial-hidromorf, antropogen- dəyişilmiş torpaqların xəritəsinin hazırlanmasında, regionda suvarma sularının müasir vəziyyətinin, keyfiyyət göstəricilərinin və suvarılan torpaqlara təsirinin öyrənilməsi işində LDU-ya yardımçı olmalıdır. Əməkdaşlıq müqaviləsi 5 il müddətində etibarlı olacaq.
Gununsesi.info












