
“Bu ilin birinci rübü ərzində respublikamıza 1430,3 ton iribuynuzlu mal əti, 53,2 ton qoyun əti, 93 ton ət konservi, 5623,6 ton quş əti, 1775,1 ton donuz əti, 763,4 ton kolbasa və sosis, 736,2 ton süd, 2649,1 ton süd məhsulları, 1082,7 ton pendir, 358 ton quru süd, 886,8 ton qatılaşdırılmış süd, 761 ton mayonez, 4879,1 ton kərə yağı, 195,4 ton süd və yağ pastası, 5795,2 min ədəd damazlıq yumurta idxal olunub”.
Gununsesi.info-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) verilən məlumata görə, bununla yanaşı, respublikamızdan 143 min ədəd iribuynuzlu, 254,5 min ədəd xırdabuynuzlu heyvan dərisi, həmçinin 21,2 ton mal əti konservi, 20,9 ton qoyun bağırsağı, 19 ton toyuq əti, 39,2 ton toyuq konservi, 1854 baş diri at, 137 ton balıq, 56,4 ton qoyun əti,14 ton heyvan daxili orqanları və s. baytarlıq nəzarətində olan məhsullar ixrac olunub.
Bu müddətdə 25271 baş iribuynuzlu heyvan, o cümlədən 1330 baş damazlıq, 5905 baş kəsim üçün xırdabuynuzlu heyvan, 374,4 min baş bir günlük cücə, 635 ton balıq konservi, 1094,6 ton dondurulmuş balıq, 1775 ton spred yağı, 23500 doza buğa toxumu, 0,79 ton balıq kürüsü, 19,3 ton yumurta ağı tozu və s. baytarlıq nəzarətində olan məhsullar idxal edilib. Heyvan mənşəli idxal məhsulları Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, kimya-toksikoloji, radioloji və digər müayinələrdən keçirilərək qida üçün yararlığı müəyyən edildikdən sonra istifadəyə verilib.
Məlumata görə, qarayara xəstəliyinə qarşı 2533125 baş iribuynuzlu, 689668 baş xırdabuynuzlu, 4308 baş donuzlarda və 86232 baş təkdırnaqlı heyvanlarda, dabaq xəstəliyinə qarşı 2208551 baş iribuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 209949 baş itdəprofilaktik peyvəndləmələr aparılıb. Həmçinin, nodulyar dermatit xəstəliyinə qarşı 256933 baş iribuynuzlu heyvanda, qoyunların çiçəyinə qarşı 36379 baş davarda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı 8515462 baş quşda “H” vaksini ilə, 12185304 baş quşda “La-Sota” vaksini ilə profilaktik peyvəndləmələr aparılıb. Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 421293 baş iribuynuzlu, 1439 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Həmçinin, epididimit xəstəliyinə görə 459 baş törədici qoç, vərəmə görə 140730 baş iribuynuzlu, manqoya görə 19729 baş təkdırnaqlı heyvan diaqnostik müayinə olunub.
“Quş qripi” xəstəliyinə görə ölkə ərazisində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə 1 dəfə monitorinq keçirilib: “Monitorinqlər zamanı seçmə üsulla ovlanaraq götürülən 25 baş çöl quşunun patmaterialı və 1771 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinə edilib, nəticədə xəstəlik aşkar edilməyib. Monitorinqlər əsasən Abşeron Milli Parkında, Şabran rayonunun Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonunun Şirvan Milli Parkında, Ağcabədi rayonunun Ağgöl Milli Parkı ərazisində, Lənkəran rayonunun Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində, habelə respublika rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılıb.
Bazarlarda, kəsim sexlərində və ticarət mərkəzlərində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan müayinələr nəticəsində 1805 kq mal, qoyun, donuz və quş ətinin, iri və xırdabuynuzlu heyvanların 7248 kq daxili orqanlarının, 873 kq balığın, 17916 kq süd və süd məhsullarının və 4245 ədəd yumurtanın insan qidası üçün yararsız olması aşkar edilərək baytarlıq qanunvericiliyinə uyğun olaraq zərərsizləşdirilib. Həmçinin, mənşəyi məlum olmayan, yararlığı şübhə doğuran və sağlamlığına dair heç bir sənədi olmayan 305 kq at əti Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizalarına əsasən insan qidası üçün yararsız hesab edilərək qanunvericiliyə uyğun zərərsizləşdirilib”.












